Ayaz Arabaçı - Gördüm

Ədəbiyyat 16:04 / 05.07.2026 Baxış sayı: 382

 

İlahi,bir yol bax,bacandan bəri,

Can yoxdu yox daha,bu candan bəri,

Gözümü dünyaya açandan bəri,

Özümü sələmdə,ödəkdə gördüm..

 

Sərçələr daşıyıb getdi dənləri,

Dör başa çəkdilər sürtülənləri,

Hər yerdə qabağa dürtülənləri,

Axırda yabıtək yedəkdə gördüm..

 

Hanı bu süfrənin meyi-şərbəti,

Dərd yaman haqlayıb süz oğlum gəti,

Onsuz da dünyada pulu,sərvəti,

Həmşə ağıldan gödəkdə gördüm..

 

Bəxt çapıb dördnala keçdi solumdan,

Hamı geri çəkdi hamı, qolumdan,

Heç nə döndərmədi məni yolumdan,

Yağlı vəd də gördüm,kötək də gördüm..

 

Olmadı bir kəsim gözdə-qulaqda,

Min gəmi üzdürdüm iki bulaqda,

Alim titulunda uzunqulaq da,

Nazir titulunda xötək də gördüm..

 

Ala buludlarda özünəbəydim,

Bilənlər bilir ki,kimiydim,nəydim,

Nə bir yol kiməsə başımı əydim,

Nə bir yol əlimi ətəkdə gördüm.

 

Yol çəkər ürəyim bir ucu Marsa,

Kimdə var o alov köksümü qarsa,

Bu acı dünyada şirin nə varsa,

Məhəbbət adlanan pətəkdə gördüm..