Məmməd  Qədir

Ədəbiyyat 11:00 / 14.07.2026 Baxış sayı: 192

 

İlahi, can mənim, məsləhət sənin,

Dərd məni min yerə bölməmiş Öldür.

Dadım məhəbbəti sərxoş olunca,

Ayrılıq ağrısı gəlməmiş öldür.

Çiçəyin üstündən gül gözəl gəlir,

Gün aya qovuşur, il gözəl gəlir,

Baxıb oğrun - oğrun el gözəlləri,

Mənə dodaq büzüb gülməmiş öldür.

Bitmədi əkdiyim arzu-diləklər,

Külümü sovurub yurdsuz küləklər,

Xeyrimi, şərimi yazan mələklər,

Məni dəftərindən silməmiş öldür.

Bir parça göy üzü, bir bulud dərdəm,

Namərd dövrəsində var olan mərdəm,

Dağları dağıdan nər oğlu nərdən,

Kişinin qaçdığın bilməmiş öldür.

Ağrımı qəlbə sal, çölümə vermə,

Evdar kişilərin dilinə vermə,

Məni Əzrayılın əlinə vermə,

İlahi, sən məni ölməmiş öldür...