Ələsgər  Əlioğlu -BU KƏND

Ədəbiyyat 09:29 / 14.07.2026 Baxış sayı: 286

 

Neçə-neçə şəhərin

Bu üzündən vurub-

O üzündən çıxmışam.

Neçə-neçə şəhərin

Gözəlliklərinə

Gözlərimi dirəyib,

Göz dolusu baxmışam...

Axır hər birinə

Əlvida deyib halallaşmışam...

Neçə-neçə ormanlar keçmişəm,

Dağlar aşmışam...

Amma bir kənd var ki,

Bağlayıb məni özünə;

Bu kəndə əlvida deyib çıxanmıram.

Dünyaya gələn gündən

Bu kənddən

Gözlərimi yığanmıram...

Beşiyim olub bu kənd,

Çalıb laylamı...

Qoynundan almışam

Xeyir-duamı...

Bu kənd məni

Qucağında yedirib,içirib.

Haralara üz tutsam da,

Geri dönəndə

Bağışlayıb məni,

Yenə də köynəyindən keçirib...

30.01.2025