Lilpar Cəmşidqızı - QƏZƏL
QƏZƏL
Bir dərdə salıbdır məni Yar, çarəsi yoxdur,
Artıq ürəyim qan axıdır, parəsi yoxdur.
Canan qoparıb canımı candan, ala bilmir,
Yerdən göyə qaldırmağa təyyarəsi yoxdur.
Quştək sıxılıb köksümə ruhum, darıxır hey,
Zülmətdi səma yolları, səyyarəsi yoxdur.
Pərvanəyə döndükcə könül yandı hər axşam,
Söndürmədi yar atəşi, fəvvarəsi yoxdur.
Məcnun eləyib aşiqi, yoldan çıxarıbdır,
Eşq aləminin Leylitək avarəsi yoxdur.
Sübhün çağı şəbnəm gülü canlandıra bildi,
Ancaq bu könül çeşmədi, meyxarəsi yoxdur.
Bir sadə qəzəlxan yaradıbdır məni Tanrım,
Sən'ətdə bu Lilpar kimi mehparəsi yoxdur.