İslam Türkay - BU GECƏ YUXUMA GƏLMİŞDİN...

Ədəbiyyat 10:40 / 16.01.2026 Baxış sayı: 2830

 

Bu gecə yuxuma gəlmişdin ,gözəl,

Sən məlhəm olmuşdun dərdi-sərimə.

Başımı qoymuşdum köksünə elə...

Ətrini çəkirdim ciyərlərimə...

 

Bu gecə yuxuma gəlmişdin ,gözəl,

Heç belə deyildim ilk baharımda.

Əllərin , qolların bənövşə idi,

Qızılgül açmışdı ağ saçlarımda...

 

Bu gecə yuxuma gəlmişdin ,gözəl,

Çökmüşdün ruhuma ağ duman kimi...

Necə bəxtəvərdim ... necə gözəldin ...

Şirin xəyal kimi,xoş güman kimi.

Bu gecə yuxuma gəlmişdin ,gözəl,

Bu xəyal dumanda itmək ... nə gözəl...

Batıb ağuşunda bəxtəvərliyin,

Getmək...uzaqlara...getmək ,nə gözəl...