İdris Babayev - SABAHIN ELÇİSİYƏM
Bu da payızın sonu, yetirdi qış özünü,
Gətirdi özü ilə özəl qayğılarını,
Birinci gündən bizə göstərdi sərt üzünü.
Dəfn eylədi payızın gözəl duyğularını.
Yamyaşıl yarpaqlardan qalmadı bir əlamət,
Budaqlarda sərçələr əvəz etdi yarpağı.
Gecə səhərə qədər əsən külək dayandı,
Soyuq qar qucaqladı üzü qara torpağı,
Üzündən sevinc, gülüş yağırdı uşaqların ,
Sevinirdi ən körpə uşaqlar da beşikdə.
Sanki qışın gəlişin duymuşdu bu gün səhər,
Ayılmışdı subh tezdən xor-xor yatan pişik də.
Axı uşaq nə bilsin çuvalda un azalıb,
Evi isitmək üçün odun bahadan, baha.
Əl açıb qoca nənə qayğısız günlər üçün,
Dua edib, yalvarır namaz üstə Allaha.
Uşaqlar hardan bilsin göz vurur kənddə işıq,
Göydə gecikib qalan tək-tək ulduzlar kimi.
Sanki qoyub qoynuna, qolun yiyəsiz evlər,
Ata evində qalıb, qarıyan qızlar kimi.
Körpülərin altında atalar tir-tir əsir,
Uşaqlar hardan bilsin işsizliyin dadını.
Bizim kişilər satır maye qazı yadlara,
Peçdə təzək yandırır qaz satanın qadını.
Körpə uşaq nə bilsin kənddə sular quruyub,
İnəklər su içməsə, süd verə bilməyəcək.
Keçəcək on, on beş il dərk edəndə bu dərdi,
İnanın o uşaqlar boş yerə gülməyəcək.
Qınayacaq şeiri oxuyan nadan məni,
Haqqı var, qoy qınasın, "günahın keçisi"yəm.
Məni anlayıb, duyan xiridarlar biləcək,
Mən dünənin tarixi, sabahın elçisiyəm.