Fidan Abdurəhmanova , filologiya üzrə fəlsəfə doktoru, dosent, : - BAKI QIZLAR MƏKTƏBİNİN BU GÜNÜ HAQQINDA ...

Şərq təhsil tarixində 1901-ci il oktyabrın 7-də ilk dəfə “Cəmaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir” deyən xeyriyyəçi mesenant H.Z.Tağıyevin təşəbbüsü və böyük əziyyəti ilə Bakıda Qızlar məktəbi açılır. Şərq qadınlarının maariflənməsi uğrunda bir neçə il mübarizə aparan Tağıyev dəfələrlə müraciət edərək bu təklifinə müsbət rəy ala bilməsə də İsmayilliyə binasının yanında dörd il ərzində məktəbin tikintisini təşkil edir. (Hal hazırda bu binada Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu fəaliyyət göstərir). Nəticədə qiymətli hədiyyələr müqabilində və çarın həyat yoldaşının adını vermək şərti ilə Bakıda ilk qızlar məktəbi açılır.
Şərqdə böyük rezonans yaradan bu məktəbin məzunları sonralar cəmiyyətin böyük etimadını qazandı və getdikcə məktəblərin sayı artdı. Azərbaycanda qızlar məktəbi daha sonra Müəllimlər Seminariyası kimi fəaliyyətini daha da təkmilləşdirdi ki, burada da Tağıyev məktəbinin məzunları müəllimlik edirdi. Beləliklə, ailələr qızlarının təhsilinə önəm verərək, orta və ali məktəblərə etibar etməyə başladılar. Bu təhsil sistemi isə ölkəmizin, dövlətimizin gələcək inkişafına ümidlə baxmağa zəmin yaratdı.
Müasir dövrdə bütün sahələrdə olduğu kimi təhsil sistemində də sivilizasiyalı, demokratik modellərin axtarışı prosesi geniş miqyas almışdır. Son iyirmi ildə müşahidə olunan inkişaf tendensiyası dünya təcrübəsinə əsaslanaraq gələcək nəsillərlə bağlı nikbin fikirlərin yaranmasına səbəb olur. Müasir təhsilin keyfiyyətinin yüksəlməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 iyun 2009-cu il tarixdə təsdiq etdiyi “Təhsil haqqında” qanununda qeyd olunduğu kimi: Təhsil qanunu - dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir. Bu illər ərzində ölkə Prezidentinin sərəncamı ilə dəfələrlə təqaüd proqramlarında artım olmuşdur ki, bu proses də müasir təhsilin keyfiyyətinin yüksəlməsinə səbəb olmuşdur.
Maraqlıdır, müstəqil Azərbaycanın çiçəkləndiyi bir dövrdə, qızlarımızın təhsil alması üçün çətin yollardan keçmiş, Bakı Qızlar Universiteti bu gün hansı uğurları qazanaraq, fəaliyyət göstərir!? Hansı layihəsi, tədbirləri və elmi konfransları həyata keçirilir? Hələ ötən əsrin əvvəllərində “Qadın gülərsə şu issız mühitimiz güləcək, \\ Sürüklənən bəşəriyyət qadınla yüksələcək!” deyirdi Hüseyin Cavid. Müasir innovasiyaların cərəyan etdiyi bu mühitdə Bakı Qızlar Universitetinin tələbələri isə mütii şəraitdə təhsil alır, müəllimləri isə kölə kimi işlədilir. Qorxu və xof içində oxuyan tələbələrin psixoloji durumunu təsəvvür edək. Adından da məlum olduğu kimi qızların üstünlük təşkil etdiyi bu universitetdə onların bütün hüquqları əllərindən alınıb. Onlar öz problemləri ilə bağlı heç yerə fikirlərini söyləyə bilməz. Hətta itirilmiş əşyalarına görə müəyyən olunmuş orqanlara müraciət etməyə icazə yoxdur. Dərhal imtahanla, diplomla təhtid olunacaqlar. Hətta ötən il bir neçə tələbə bu səbəbdən dövlət imtahanına və ondan əvvəl qanunla təyin olunmuş 25 faizli ödəmə əsasında kəsr imtahanına buraxılmadı.
Təhsil Nazirliyində görəsən belə bir ekspert fəaliyyət göstərirmi ki, beş-üç illik Akkreditasiya sənədlərini yoxlayanda bu universitetlərə xüsusilə Bakı Qızlar Universitetinə neçə müəllim qəbul olunub və işdən azad olunub, yaxud neçə tələbənin haqqı tapdalanıb onu da hesablasın. Onu da qeyd etməyi özümə borc bilirəm ki, akkreditasiya “etibar etmək” mənasını daşıyır. Bütün uyğunluqların standartları yoxlanıldıqdan sonra həmin müəssisəni növbəti akkreditasiya dövrünə qədər etibar etmək deməkdir. Azərbaycanın bütün alimlərini hörmətlə işə dəvət edən butun işlərini gördürəndən sonra, xüsusilə, öz kitablarını redaktə etdirib və özü haqqında yazılar yazdırandan sonra, hərəsini bir usulla işdən çıxardan ömürlük rektor Ağarəhim Rəhimovdan Təhsil Nazirliyinin xəbəri varmı görəsən? Büccədə pulun azlığından şikayət edərək kafedralara lobarant götürülmür, bir sıra professorların müəllim heyətində yalnız adları var. Alimləri uzaqlaşdıran rektor dərsləri bir neçə magistrant arasında bölərək az maaşla ilin yarısını, bir semesteri yola salır.
Bu da Bakı Xareoqrafiya Akademiyası deyil ki, fikirləşəsən ki, bu elitar incəsənət ocağını - elmi dərəcələri, hətta ali təhsilləri olmayan prorektor, dekan və müəllimlər idarə etməsinə baxmayaraq, heç olmasa bir tədbirdə əl qaldırıb oynaya bilirlər. Bu akademiyada situasiya bir az fərqlidir, hamı özünü Mədəniyyət Nazirliyinin adamı hesab edir. Bu təhsil ocağından gedən məktublar Əli Kərimin “Qaytar ana borcunu” şeirini xatırladır: “Məktub məktub dalınca axdı, Bakıya axdı, \\ Ana da məktubların dalınca baxdı, baxdı… (Bu haqda növbəti yazılarımızda)
Qayıdaq Bakı Qızlar Universitetinə... “Bura mənim şəxsi əmlakımdır, istədiyimi edə bilərəm” ifadəsi nə rektor, nə müəllim, nə də bir ziyalı fikridir. Görəsən Ağarəhim müəllim Tağıyevin yerində olsaydı nə edərdi???
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin – Xarici dil (ingilis) müəllimliyi; Azərbaycan dili və ədəbiyyat müəllimliyi; Tarix müəllimliyi; Təhsildə sosial-psixoloji xidmət; Psixologiya; Coğrafiya müəllimliyi; İbtidai sinif müəllimliyi; Məktəbəqədər təlim və tərbiyə; Riyaziyyat və İnformatika müəllimliyi kimi kifayət qədər ixtisasların olmasına baxmayaraq heç bir mütəxəsis yetişmir. Tez-tez müəllim dəyişiklikləri, amansız rejim tələbələri qorxu içində təhsil almasına səbəb olur. Bu qorxu və gərginlik Naxçıvan Dövlət Universitetinin tələbələrində də var xüsusilə geyimlə əlaqədar. Burada əsas tələb yay-qış ağ köynək və qalstukdan istifadədir (bu geyim qızlara da aiddir). Düzdür, cəmiyyətdə bu bərabərlik insanı sevindirir, lakin qalstukunu unutmuş bir savadlı qızı dərsdən çıxardaraq iştirak etmir yazmaq, onu üniversitetdən, təhsildən uzaqlaşdırmaq nə dərəcədə doğrudur.
Ötən il (2 sentyabr, 2021) Təhsil eksperti Elçin Əfəndi Bizimyol.info-ya “Hazırkı dövrdə nədənsə, bu universitetə maraq çox aşağı səviyyədədir. Tələbə adını qazanmış gənclər bu universitetdə oxumaqdan imtina edirlər. Marağı artırmaq üçün hansı addımlar atılmalıdır?” fikrinə açıqlama verərək bildirmişdir ki, Bakı Qızlar Universitetinə ya dövlət statusu verilməli, ya da adı dəyişdirilməlidir. Nədənsə təhsil sistemini dəyişmək hələ də ön planda deyil. Xüsusilə rayondan oxumağa gələn tələbə qızların valideynlərindən - pul, pay, hədiyyələr tələbi bu universitetdə hələ də hökm sürməkdədir. İmtahan zamanı kəsrlərə rast gəlməyən rektor və prorektor imtahanı ləğv edərək, yenidən keçirilməsini və tələbələrin aşağı qiymət almasını və kəsilməsini tələb edir. 2016-cı ildən universitetə rektor professor Ağarəhim Rəhimovun yerinə qızı dosent Sevinc Rəhimova təyin olunsa da, (qeyd: nəvələrinə isə təsərrüfat işləri və mühasibat həvalə olunub) o, tələbə qızlarla amansız rəftar edən Abdullayeva Həvva ilə birlikdə universiteti idarə etməkdədir.
Təsadüfi deyil ki, son illər bu universiteti bitirmiş müəllimlərə, doktorantlara, mütəxəsislərə az rast gəlinir. Mən bir ziyalı, ali məktəb müəllimi kimi mövqeyimi bildirdim. Yəqin ki, aidiyyatı qurumlar öz münasibətini əsirgəməz.
Hacı Zeynalabdın Tağıyev dünyanın ən çətin bir dövründə başa düşürdü ki, təhsilli qız, təhsilli ana olacaq həm öz övladlarına, həm də işlədiyi təhsil ocaqlarındakı şagird və tələbələrə geniş imkanlar yaradaraq gələcək həyata hazırlaya biləcək.
Fidan Abdurəhmanova
filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA-nın elmər doktoru üzrə doktorantı, Prezident təqaüdçüsü