Fərhad Tapdıqoğlu : - Çıxdı-lar

( hekayə)
Mən ,yaşadığım binanın,Akif isə üzbəüz binanın giriş qapısından eyni vaxtda çıxdı-q.Salamlaşdıq,görüşdük,yol aldıq yaxınlıqdakı parka ..Gəlib çıxdı-q parka.
Hava buludlu olsa da,bizi salamlayırmış kimi Gün çıxdı.Oturacaqların birində əyləşdik.
Akif uşaqlıq illərini xatırladı:
--O illər heç yadımdan çıxmır.Kənddə həmişə qonşumuz Məqsədlə yoldaşlıq edirdim.Məktəbə gedəndə onunla bir çıxır evdən,bir yerdə də qayıdırdıq.Böyüdükcə ,malın- qoyunun qabağına da bir çıxardıq...Tut bağında hərəmiz tut ağaclarının birinə çıxır,Günəş şüalarının yaxşı düşdüyü budaqlardan sarıya çalan iri ,şirin ağ tutlardan yeyərdik.
Qardaşım "Zil" markalı yük maşınını iri gövdəli tut ağacının altında saxlar, maşının " kuza"sına çıxıb,budaqları əyib ,bal kimi tutlardan " qarnımızı" doyuzdurduğumuz vaxtlar da olurdu.
Çəkil ağacına çıxıb,barama qurdu üçün dəhrə ilə yarpaqları bol olan budaqlar da qırardıq..Gedib kövşəndən turpəng də yığardıq.İpək qurdları turpəngin üstünə çıxıb ,barama sarıyardı...
Mən bir dəfə qoz ağacının təpəsinə çıxıb,qoz çırpırdım.Məqsəd məni gördü,"gözü kəlləsinə çıxdı"..Qorxdu,qışqırdı:" yıxılarsan,aşağı düş"- dedi...
Ağacdan düşərkən, ayaqqabımın bir tayı ayağımdan çıxdı,az qala Məqsədin başına düşsün...
Ehh,başqa kənd uşaqları da vardı də,adlarını çəkmək istəmirəm...
Bir dəfə o uşaqlardan biri ilə dalaşdıq,o da gedib atasına dedi.Atası isə mənə heç nə demədi,onu döydü."Ürəyimdən tikan çıxdı"..
Bir uşaq vardı,əvvəllər yaxşı idi,sonra zibili ,zayı çıxdı..
Paxıl uşaqlar da vardı.Mən həmişə deyirdim ki,kimin nə qədər inəkləri,qoyunları var,qoy olsun," istəməyənin gözü çıxsın"..
Uşaqlar vardı ki," on qəpiyi çıxanda canı çıxırdı"..
Özündən razı uşaqlarla mübahisə edəndə deyərdik:" Nə olsun,neyləyək,gəl başıma çıx"..
Yağışlar yağardı: "Tut ucundan göyə çıx"...
Uşaqlardan biri meyvə ,yaxud bostan oğurluğuna gedib,əliboş qayıdanda deyərdik ki," nə oldu,alınmadı?lax çıxdı?"..
Yadımdadır atam deyərdi ki,hamının "ocağı gur yansın, bacasından tüstü çıxsın"...
Bir səhv işimiz olanda bizdən böyük qardaşımız hirslənib "özündən çıxar" ,bizi tənbeh edərdi...
Əsəbiləşəndə " hirsimdən başımdan tüstü çıxdı"- deyirdik.
Oğrun- oğrun bağda,kövşəndə siqaret çəkəndə siqaretdən qullab vurub, burnumuzdan tüstü çıxaranda lovğalanırdıq...
Bəzən ora- bura o qədər yüyürüb- qaçırdıq ki, az qalırdı " övkəmiz ağzımızdan gəlib çıxsın"...
Qonşuların biri hesabdar işləyirdi.Kənddə qəşəng ikimərtəbəli ,şüşəbəndli,çoxlu otaqları olan ev tikdirmişdi. Bəy kimi dolanırdı.
Kolxoza rayondan yoxlama gəlmişdi.Amma o hesabdar qonşumuz " sudan quru çıxdı,yoxlamadan təmiz çıxdı"..
Amma kənddə " çörəkləri daşdan çıxan insanlar lap çox idi o zamanlar"...
Orta məktəbi bitirəndə cəmi iki nəfər əlaçı çıxdı.Onlardan biri yoldaşlıq etdiyim Məqsəd idi...
Məqsəd ali məktəbə yüksək qiymətlərlə qəbul olundu.Amma bir kurs oxuyub,institutdan çıxdı,kəndə qayıtdı.Atası vaxtsız dünyasını dəyişdiyindən , evin böyük uşağı kimi,böyüklük onun üzərinə düşürdü.Kolxozda işlədi,ad- san çıxardı,hətta ordenlə də təltif olundu.Kənd təsərrüfatı insititutunu qiyabi bitirdi...
Təbii ki,Məqsədin toyunda dost kimi yaxından iştirak elədim...
Toydan sonra " üzəçıxdını " da dostlarla "Hacsəfər" bulağının başında qeyd elədik..
Deyirlər ki, adamın içindəkilər onun üzünə çıxır: üz- gözündən nur yağanlar da var,zəhrimar yağanlar da...Başım çıxmır ,niyə insanlar belədir?
Məqsəd kişi indi üzü nurlu bir babadır...
....Kəndimiz işğal olunanda kənddən sonuncu çıxanlardan biri də onun ailəsi idi...
Rayonların birində məskunlaşdı.Yenə kənd təsərrüfatında çalışdı.Həyatın hər çətinliyindən,sınağından üzüağ ,alnıaçıq çıxdı Məqsəd...Bir neçə il öncə pensiyaya(təqaüdə) çıxdı..
Görüşürük.Övladları da,nəvələri də yaxşı uşaqlar çıxdı...
Mən kənddən orta məktəbi bitirəndən çıxmışam.Ali təhsilli mühəndisəm.Zavodların birində işləmişəm.Müəllim,mən onları sənə danışmışam..
İndi Məqsədlə ailəvi gediş gəlişimiz var..Heç uşaqlıq dostunu yaddan çıxarmaq olarmı? Bir dəfə o gələndə Sizi çağıraram,gəlib bizə çıxarsanız.. Sonra bir dəfə o indi yaşadığı kəndə də çıxıb gedərik,inşallah...
...Artıq hava qaralırdı.Qonşum Akiflə parkdan çıxıb evə yön aldıq...
Az qala huşumdan çıxmışdı..Boz ay da bir neçə günə çıxır...Novruz bayramı gəlir..".Qara bayrama " görə qəbir üstə də çıxmalıyıq...Çıxdım evə...Hazırlaşmalıyıq....