Xanım İsmayılqızı : - Kilsənin zəngindən səpələnir

Kilsənin zəngindən səpələnir
rahatlığın lələkləri,
Qarasaç, qaragöz bəşər qızının nəğməsi
dünyanın dilini saf rəngdə anladır.
Ördəklər çayın axınına üfürür nəfəsini.
Quşlar təmənnasız oxuyur.
Yay payıza nikahlanıb,
Payızdan havalanıb.
Bir-birindən küsgün rənglər belə
güllərin ləçəyində barışıb.
Hamı adama oxşayır.
Həyata bənzəyir gözümə çəkilən şəkil.
Allah ən sevdiyi gündə yaradıb yaratdığını.
Körpə küçələr - ləkəsiz,
Sehrli evlər - böyük sevgili,
Tanış döngələr - yupyumru,
Yumşaq ağaclar - şahanə,
Məxmər yamaclar - pıçıltıyla
dünyamızı sığallamağa məşğuldur.
Bu aləmin ürəyi doludur...
Bu keçmiş nağılın üzü suludur...
Xanım İsmayılqızı 2016