Kəramət : - BAŞQASI OLMAQ...

YAZARLAR 08:53 / 10.06.2025 Baxış sayı: 1523

BAŞQASI OLMAQ-daha dəqiqi "başqası ola bilmək"lə başlar insan olmaq. Bizdə yaxşı bir məsəl var: "Özünü onun yerinə qoy". Amma gündəlik həyatımızda heç vədə özümüzü başqasının yerinə qoya bilmirik. "Ancaq mən varam" diktatorial düşüncəsi təkcə idarəedənlərə aid deyil, bizlər-balaca diktatorlar böyük diktatorları bəsləyib yetişdiririk. Yoxsa, rahatlana bilmirik. Ətrafımızı özümüz istədiyimiz şəkildə görürük; dostu-yarı da. Halbuki onlar bizim istək və arzularımızın şəklidi, öz-ləri deyil.

Öyrəşdiklərimizə məhkum oluruq. Beləcə mühafizəkarlıq-qadağalı düşüncə-duyğu zonası yaradırıq., ondan ötrü şəhid olur, cihadçıya, terroristə, işğalçıya çevrilirik. ABŞ-ın demokratiya gətirməsi nağılıyla dini-milli-məzhəbçi düşüncə arasında fərq nə qədərdir?-deyə düşünməmək olmur.

Həzrət Əlinin "İnsan ata-anasından çox doğulduğu zəmanəyə oxşayır" kəlamı nə dərəcədə keçərlidir? Ən dəhşətlisi birinin başqa birisinə özünü diqtə etməsindən çox, çoxluğun-xalqın BİR-ə basqısı, O-nu ümumi qazanda bişirməsindədir. İndiki dünyada seçim imkanıyla cazibə mərkəzi arasında da uzlaşmaya ehtiyac yaranıb. Yəni Qərb özünə öxşayan Şərqi (müsəlmanı) qəbul edir, doktor, mühəndis, mütəxəssis, müxtəlif dilləri bilən, musiqiçi və s. Çünki Qərb kütləsi də bunu diqtə edir öz fərdinə. Mənim üçün məsələ heç də kimin üstünlüyü deyil, adamın adama, xalqın fərdə, xalqların xalqlara özünü diqtə etməsi, ancaq bu halda ona yaşam hüququ verməsi faciəsini ifadə etməkdir. J. P. Sartr "Çıxış yox" dramındakı "CƏHƏNNƏM BAŞQALARIDIR"ı xatırlayıram, bu bir az da "günah keçisi" aramağa bənzər. Adamlar da, rəhbərlər də nə baş versə, ya Allahın qisməti, ya da xarici qüvvələrin müdaxiləsi kimi yozarlar.

İnsan güzgüyə baxanda belə özünü yox, arzuladığı özünü görür.

ƏDƏBİ EYNİLƏŞMƏ-ZOMBİLƏŞMƏ, ÖZÜMÜZƏ BƏNZƏTMƏ diktatorluğu uzun müddətdir ki, ədəbiyyatın azadlığını əlindən alıb, bu səbəbdən fəqrli düşüncə-istedad dar ağacıyla, dərisi soyulmaqla, Sibir sürgünüylə, güllələnməklə, dışlanmaqla, mühacirətlə mükafatlanıb. Ədəbiyyatın azadlığı uğrunda mübarizə insanlıq uğrunda aparılan mübarizədir.

Eyni bədi düşüncə məhbəsində təkcə ağızlar ayrıdı, DAYAnıb baxdığımız pəncərə eynidi. Tükənmə baş verir, hamının mühafizə etdiyi enerji işıltıları yeyilib qurtarılır, zombiləşmə qaçılmaz olur, başlayırlar biri-birini yeməyə...bu normal deyil, şüurlu şəkildə proqramlı "yam-yam"çılıqdı. Dünyanın, hər sahədə, tükənməsini də bununla bağlayıram. Əlbəttə, məncə...

Düşünürəm ki, eyni düşüncəli adamlar (ədəbiyyat daxil) biri-birinə enerji, qida verə bilməz. Eyni adamlarla ətrafına divar hörəndə özün də hiss etmədən çürüyürsən. Cəmiyyət də belədir-nə qədər fərqli, rəngli düşüncə-duyğularla bəslənərsə o qədər tərəqqi qapıları açılar, əks təqdirdə özün öz qapını qapadırsan. Sosial-iqtisadi, mədəni-mənəvi sahələr daxil olmaqla yekparəlik, eyniyyət məhvə aparır. Fərqlilik, fərdilik-özlük yaşamın, həyatın özüdür.

Yazıram və enerji axınını ruhumla-bədənimlə yaşayıram, hiss edirəm.