Əşrəf Veysəlli - DAĞLARIN GECƏ NƏĞMƏSİ
Dolayıb belimə əyri yolları,
Seyrinə çıxmışam bir məmləkətin.
Qolları -
Bir doğma ana qolları,
Yolları -
Bir ömrün yolundan çətin.
Şəhər,
Nəğmə kimi qanadlanaraq,
Qonub bu dağların dodaqlarına.
Nəsə pıçıldayır hey axşam, sabah
Əngin üfüqlərin qulaqlarına.
Uzaqdan baxıram -
İşıqlı evlər,
Zülmətin bağrını dəlib deşirlər.
Odlu nəğmələrin işığı altda
Dilsiz qayalar da nəğmələşirlər.
Yayın qızmarında, qışın qarında,
Gözəllik sərgisi açar bu yerlər.
Qızıl nəğmələrin qanadlarında
Qızıl ulduzlara uçar bu yerlər.
Qayalar -
cüssəli pəhləvan kimi,
Dərələr boğulsa tutar qayadan.
Sular asta-asta dinər dərində.
İşıqlar -
Peşiman Xuraman kimi,
Səssizcə özünü atar qayadan,
Əlindən yapışar dərələrin də.
Ömrünü - gününü hey zaman - zaman,
Şərqilər ömrünə qatar bu dağlar.
Nəğmə işığında qalxar yuxudan,
Nəğmə işığında yatar bu dağlar.
1963-cü il