Əlisəmid Kürdən BİR ŞEİR

Ədəbiyyat 07:52 / 05.10.2025 Baxış sayı: 1537

Yuxarı mərtəbədən gələn mahnı

Ürəyimi göynədən vaxtda

əllərim qoynumda

uzanmışam çarpayıda.

Tavandan, divarlardan

Kədərli üzlər,

Dilxor maskalar asılır

Səni düşündükcə, qızım!

Hər oxunan nəğmə

Bir doğma anı yada salar,

Hər tanış səs bir doğma üzü

Canlandırar gözlərimizdə…

Telefon zəngi.

- Alo, Bakıyla danışın.

- Al-lo! Qızım, sənsənmi?!

- …

- Al-lo!

…2 min 400 kilometrlik həsrətin içindən

Qatar keçdi deyəsən.

Bir zahı bulud

Silkələdi telefon xətlərini.

Yüz saniyəlik sükutun arasına

Sığdı bir insan ömrü.

- Alo! Alo!!

- A-ta! A-ta!

…Üzün yadımdan çıxır,

İlğım axır dalğa-dalğa

Yaddaşımın dörd olmuş gözündən.

Yuxu da yalanmış, fotoşəkil də yalan…

- Alo! Alo!

- Ata, məni eşidirsən?

- Al-lo, mən səni görürəm, qızım…