Ələsgər ƏLİOĞLU - YOL ÇƏKİRƏM TORPAĞA...
Mamırlayıb neçə-neçə diləyim,
Öz üstümdən əsib gəlir küləyim...
Bir zamanlar çiçəkləyən ürəyim,
Daha çıxıb bu bəxtimin huşundan.
Sözlərimin xəmiri də acımır,
Öz içimə yapanmıram acımı...
Qanadlari elə sınıb,uçanmir,
Əl üzmüşəm bəxtin şahlıq quşundan.
Sözlərimlə başlamışam sınağa,
Buludlarım hey döşənir varağa...
Yavaş-yavaş meylim qonan torpağa,
Yol çəkirəm taleyimin qışından.
07.07.2025