Ədalət Salman : - QORUYA BİLDİKMİ...
Basıb bağ-bağçanı daha çayırlar,
İndi arsızları zirək sayırlar.
Hayıf, ömrümüzə, min - min hayıflar,
Verdik əlimizdən öz haqqımızı.
Nəfsinə qul olub qarın güdənlər,
Düzlükdən danışıb əyri gedənlər,
Yuxarı yalmanıb dil-dil ötənlər
Qapır ağzımızdan söz haqqımızı.
Haqqı tapdalanan içində sızlar,
De, kimə üz tutsun bəs, gümansızlar?
Ondan qorxuram ki, bu imansızlar
Bir gün də alalar göz haqqımızı.
Pislər pisliyindən əl çəkmir, yortur.
Haqlının yaxasın haqsızlıq yırtır.
Acgözlər hərəsi bir yandan qırtır,
Heç, düz də vermirlər düz haqqımızı.
Yanıb halımıza kim söylədi "can",
Oldumu dar gündə qapını açan?
Mən, Sən, O birləşib Biz olduq haçan,
Qoruya bildikmi biz haqqımızı?