Əbülfət MƏDƏTOĞLU : - Ehtiramla dərdləşdiyim ADAM OLMAQ mövzusu

YAZARLAR 08:56 / 15.10.2022 Baxış sayı: 4477

 

Söhbət şair Ehtiram İlhamdan gedir 

 

Hərdən hislər güc gəlir mənə... Hərdən özümdən çıxıb gedirəm... Hərdən ətrafımdakıları da halımla, əhvalımla   o  qədər yükləyirəm ki, onlar da deməsələr də, hiss edirəm ki, yorulurlar, bezirlər məndən. Səbəbini soruşmayın. Çünki bilən bilir, bilməyənin də bilməsinə heç bir zərurət yoxdu. Çünki bilib o da mənə ağıl verənlərdən biri olacaq. Ona görə Allahın və onun bildiyini sirr olaraq özümdə saxlayacam, özümlə aparacam...

İndi isə məndən yorulan, bezən adamların ovqatına uyğun olmasa da, yenə çıxıb getməklə bağlı düşüncələrə dalmışam. Bu düşüncələr məni kitab rəfimin önünə  gətirib çıxarıb. Kitabları bir-bir götürüb vərəqləyirəm. Birdən diqqətimi bu kitab çəkdi. Adı da maraqlı idi, üz qabığı da. Hiss etdim ki, elə axtardığımı burda tapacam. Odur ki, başladım kitabı vərəqləməyə və  68-ci vərəqdə axtardığımı tapdım. Bu səhifədəki şeirin adı çox maraqlıdı. Həm də içərisində bir az yumor da var. Mən də elə o adın, o yumorun eşqinə şeiri gözüyumulu oxuyuram. Necə deyərlər, dəlicəsinə, acgözlüklə. Çünki misralar içimdən ötüb gedir...

Kitabın adı «Günaydın şeir», müəllifi də Ehtiramdı. Mən bu gənc ŞAİRLƏ  sözün yardımı ilə, sözün dəstəyi ilə, sözün köməyi ilə dostlaşmışam. Bizi bir-birimizə Söz təqdim edib. Bu da ruh doğmalığından qaynaqlanır. Bu doğmalıq da elə indi  də  əlimdən tutur. Ehtiram yazır ki:

 

Sən mənim içimdə nə varsa sökdün,

Mənim çölümdə də tutar qoymadın.

Sən mənim gözümü yollara dikdin,

Bircə gecəlik də yuxu qıymadın.

Bəli, nə qədər dəqiq deyir, nə qədər səmimi deyir, nə qədər təsirlə deyir, nə qədər də sevgi ilə deyir! Mən də onu yaşayıram. O cür də düşünürəm. İçimdə elə onun özü olmasa da, özünə bənzər bir mövzuda düşünürəm. Çünki yazımı bilgisayara diktə etdiyim günün  gecəsini diri gözlü açmışam. Kipriklərim küsülü olub bir-biri ilə. Gözüm tavanı, divarı ölçüb-biçib və mən ürəyimdəkini, ağlımdakını özümlə bərabər rahatsız etmişəm. Onu da yatmağa qoymamışam, onu da yuxu həsrətlisi etmişəm ötən gecə. Təbii ki, xəyalən... xatirə ilə...keçmişə boylanmaq ilə... Elə həmin o məqamda yadıma bir neçə il bundan öncə yazdığım «Mən çıxıb gedəcəm» şeirim düşüb. Bu şeir ondakı və elə indiki ovqatımla üst-üstə düşdüyündən, həm də Ehtiramın misraları ilə səsləşdiyindən onu öz-özümə pıçıldadım. Yəqin ki, o pıçıltı sizin üçün də maraqlıdır:

 

Mən çıxıb gedəcəm –

bu gün,

ya sabah...

düşünüb sən bunu

qəmə çevirmə...

boş ver – getməyimi

unut,

danış,

gül

heç nəyi

kirpikdə

nəmə çevirmə...

Hə, bu da mənim diləyimdi, bu da mənim istəyimdi. Sənə əzab verməmək, ətrafımı bezdirməmək, yormamaq üçün öz içimdə verdiyim qərardı, çıxartdığım hökmdü. Burda mən ədalətsizlik görmürəm... etibarsızlıq görmürəm... xəyanət görmürəm... Və görmədiyimi də heç kimdən istəmirəm. Heç kimə bu yönümdə irad tutmuram. Çünki qədərim budu... alın yazım budu... qismətim budu... qədərdən, qismətdən qaçmaq olmaz. Bütün yolların üzü payıza boylanmağı da var. Bu da hər kəsin boyuna biçilib. Sadəcə hər kəsin öz payızı olduğundan həmin o payız da qədərə, qismətə uyğun seçilmiş vaxtda gəlir. Bunu Ehtiram da oxucusuna, həmçinin mənə deyir: 

 

Üzü son payıza yol qırağında,

Bir tənha ağacdan fərqimmi qaldı?!

Bir sozalan ömrün son sınağında

Nəsə söyləməyə şərqimmi qaldı?!

 

Bu  məqamda bir az Ehtiramla razılaşmıram. Cavanlığını nəzərə alıb səmimi bir şəkildə demək istəyirəm ki, hər şey payızla bitmir. Payızın qarşısında qarlı qış, şaxta,  boran var. Deməli, bu məsafəni də keçmək lazımdır. Bax, həmin məsafə də yaşamdı, əgər o yaşamdırsa, onun da işartıları, onun da sözü, onun da deyəcəkləri var. Mən də bunu özüm üçün dəqiqləşdirdiyimə görə, üzümü sizə, oxuculara, ən öncə isə Allaha və Ona tutub demişəm:

 

mən çıxıb gedəcəm –

üzümdə ismət

kimsənin yerini

dar etməyəcəm.

bir də ki

yaşayıb

bu dərdlərimlə

mən sənə

özümü

yar etməyəcəm.

 

Bax, elə bu məqamda hiss edirəm ki, kimsə mənim məntiqimə, mənim düşüncəmə, mənim ağlıma şübhə edir. Yəni o boyda sevgi və sonda da «özümü sənə yar etməyəcəm» söyləmək düz gəlmir bir-biri ilə.  Təbii ki, bunu siz belə görürsünüz, belə deyirsiniz. Amma  hər kəsin dərdi, sevinci özünə bir köynək yaxın olduğundan o dərdinin, sevincinin dadını, tamını daha yaxşı bilir. Bu dərdin, bu sevincin yozumunu yaxşı anlayır və anladığına görə də onun gəldiyi məntiqi nəticə elə sevdiyinə əzab verməməkdi. Mən məhz bu nöqteyi nəzərdən Ehtiramın şeirinin ardına təkrar diqqət yetirirəm. Görürəm ki, gənc dostum elə mənim dediyimi öz ruhuna, öz arşınına uyğun şəkildə öz sözü kimi kifayət qədər poetik bir şəkildə qələmə alıb:

 

Daha səndən sonra ömür – qarlı qış

Sənsiz, iraq olsun, nəymiş bu həyat.

Sənsiz – məndən sonra nə qalasıymış –

Anamın başına qaxanc quru ad.

 

Zənnimcə, burda da bir anlıq dayanmaq, bu şeirin bu bəndini yenidən oxumaq lazımdı. Onda mütləq kimlərsə Ehtiramla razılaşacaq. Ananın gəlin gözləyən gözləri və o gəlinin... Burda istədiyiniz sözü özünüz seçib yazın. Ehtiram isə öz seçdiyi, öz gəldiyi qənaəti ana üçün «baş qaxancı» adlandırıb.   Bu təbii ki, həqiqətdi, çünki yerin də qulağı var. Söz elə sürətlə mənzillərin qapısını döyür ki, onu eşitməmək, onu duymamaq mümkün deyil. Uğursuz sevginin səsi-sorağı da onun kimi. Düzdü, mən öz şeirimdə bir az şairlik edib kimlərinsə bunu duymayacağını yazmışam, demişəm. Amma bir həqiqət var. Bu da bundan ibarətdir ki, bəndədən nələrisə gizlətmək olar, amma Allahdan heç nəyi gizlətmək mümkün deyil. Bunu unutmaq, yumşaq desəm ağılsızlıqdı. Ona görə də yazmışam ki:

 

mən çıxıb gedəcəm –

səssiz-səmirsiz

bir sən biləcəksən,

bir də ki, Allah...

sən yanı boşalan –

qalacaq mənsiz –

ruhumu özünə

qatacaq Allah...

 

Bəli, bax indi özünüz fikirləşir. Görün Ehtiramın  və  mənim düşüncələrim  sizə  normalda  nəyi   çatdırdı...Ümumiyyətlə  bu   düşüncə  tərzi ilə adam olmaq  mümkündürmü? Cavab verməyə tələsməyin, onsuz da hələ vaxtımız var. Axı əvvəldə yazdım ki, payız və qışın arası da bir zaman kəsiyidi. Ona görə də qayıdıram Ehtiramın şeirinə. Və onun məntiqi ilə fikrimi tamamlamaq istəyirəm:

 

Elə yandırıbsan, qalmayıb külüm,

Mən – suyu sovulmuş köhnə dəyirman.

Məndə adam üzü qoymadın, gülüm,

Məndən adam olmaz bir də heç zaman.

 

Bax belə. Gənc dostumla sevgidən danışdıq... həsrətdən danışdıq. Ən vacibi adam olmaq istəyimizdən danışdıq. Amma axırda bu nəticəyə gəldik ki, sevgimiz, həsrətimiz ruhumuzun, ürəyimizin özüdü. Deməli, ruhumuz, ürəyimiz sevgidirsə...   Və  hər kəsin sevgisi də  hər yerdə özü ilə olur. Sevgisi olan isə  ən PAK ADAMDI!!! Bizdən adam olmayacağını  düşünənlər  isə  öncə  öz ürəklərinə baxsınlar - orada SEVGİ  VAR?! 

Cavabı axtarışa  özünüz verin...