Əlizadə Nuri : - Tənha qadın

Xatirələr çay kimi
Tökülər yuxusundan...
İşığı oyaq qalar,
Gecənin qorxusundan.
Kimsə gəlib götürməz
O kədəri üzündən.
Elə təkdi, diksinir
Ürək döyüntüsündən.
Tanrı da heyran qalıb,
Onda olan dözümə.
Sevinc bağlı qapıdı-
Bağlanıbdı üzünə...
...Yada düşər o günlər,
Köhnə bayatı kimi.
Əlindən saldığı qab
Sınar həyatı kimi...
Qəfil bir zəng istəyər,
Ümid savaşındadı-
Bəlkə elə xoşbəxtlik
Xəttin o başındadı?!
Kim ağladıb şamını,
Kim hönkürüb baxtına?
Hər gecə yuxusunu
Qurar azan vaxtına...
...Uçub gedər o quş da,
Quş da xətrinə dəyər.
Onun pəncərəsini
Yağışlar dimdikləyər...