Dur süz bu axşamı piyalələrə - Ramiz Qusarçaylı

Ədəbiyyat 21:23 / 16.01.2026 Baxış sayı: 1907

 

Dostum Rəşid Süleymanovu doğum günü münasibəti ilə onun 60 illik yubileyində deyilmiş şeirlə təbrik edirəm.

Süzək bu axşamı piyalələrə,

Gözəldi hər yaşın çeşidi, qardaş.

Gün aya nazlanır,

ay halələrə,

Bu büsat Tanrının işidi, qardaş.

Ağarır gecənin gözündə rəngi,-

Həsrətin naləsi, qəmin ahəngi,

Göyçənin yemliyi, gülü, turşəngi,

Ayrılıq-ayrılıq üşüdü, qardaş.

Vətən bir, Vətəndə yollar haçadı,

Qisas qiyamətə qalmaz,

borcadı...

Zoddu, Ardanışdı, Cildi, Şorcadı

Bizim səsimizi eşidir, qardaş.

Ömrün saz ömrüdü, ruh dərgahıdı,

Heyrət dərgahıdı, ah dərgahıdı,

Ələsgər eşqinin şah dərgahıdı

Şahənşah könlünün behişti, qardaş.

Dağda düz, düzdə dağ gəzənsən, elə,

Hər dərdə dağ kimi dözənsən elə,

Özünə ən yaxın özünsən elə

Sənə tapşırıram Rəşidi, qardaş.

Dur süz altımışı piyalələrə,

Doğmadı hər yaşın çeşidi, qardaş.

Gün aya nazlanır,

ay halələrə,

Bu qismət Tanrının işidi, qardaş.