Bəhram Bilaloğlu -   Bəzən insan mənzərəyə yox, taleyə baxır.

YAZARLAR, Gündəm 17:37 / 30.08.2026 Baxış sayı: 3028

 

Mənzərə göz önündə olandır, tale isə gözün arxasında gizlənən. Birini hamı görə bilər, o birini isə yalnız ürəyi olanlar duyar.

Bir dəfə bir mənzərənin şahidi oldum. Ana şirin yuxuya getmiş övladının başı üstdə dayanıb hönkür-hönkür ağlayırdı. Uşaq heç nədən xəbərsiz idi. Yuxunun ən rahat yerində idi. Ananın göz yaşları isə sanki onun görə bilmədiyi sabahların üstünə tökülürdü.

Bu mənzərəni görən başqa bir ana yaxınlaşıb sakitcə dedi:

— Mən də hər axşam belə edirəm...

İki ana, iki övlad, iki cümlə... Amma əslində bir tale.

İnsanı düşündürən də budur: Ana niyə ağlayırdı?

Məsuliyyətdənmi?

Övlada olan sevgidənmi?

Övladının atasız böyüməsindənmi?

Yoxsa həyat yoldaşından ayrıldığı üçün içində qalan peşmançılıqdanmı?

Məncə, bunların heç birini digərindən ayırmaq olmaz.

Çünki ana ürəyi bir otaq deyil ki, ağrıları ayrı-ayrı rəflərə düzülsün. Orada sevgi də yan-yana dayanır, məsuliyyət də, peşmançılıq da, qorxu da, ümid də...

Bəzən bir göz yaşının içində bir ömür gizlənir.

Ana övladına baxıb ağlayanda bəlkə də onun bu gününə yox, sabahına ağlayır. “Mən olmasam, kim onun başını sığallayacaq?” deyə düşünür. “Atasız böyüyən bu uşaq həyatda hansı boşluqlarla üz-üzə qalacaq?” deyə qorxur. Bəlkə də bir zaman verdiyi qərarı xatırlayıb öz-özünə sual verir: “Görəsən, başqa cür olsaydı, daha yaxşı olardımı?”

Amma həyatın ən ağır tərəfi budur: Bəzi sualların cavabı gecikir, bəzi qərarların geri dönüşü olmur.

İnsan ayrılarkən yalnız həyat yoldaşından ayrılmır. Bəzən bir evin səsindən, bir süfrənin ətrafındakı söhbətlərdən, övladının ata-ana arasında böyümək haqqından da ayrılır. Və illər sonra sakit bir gecədə, hamı yatanda həmin qərarın səsi insanın içində yenidən eşidilir.

Ana isə uşağının başı üstdə dayanır.

Uşaq yatır...

Ana ağlayır...

Uşaq bilmədən anasının göz yaşlarını yuxusunda bəlkə də hiss edir.

Bəlkə də həmin ana ağlamır, əslində öz içindəki bütün “kaş”ları dəfn edir.

Digər ana “mən də hər axşamlar belə edirəm” deyəndə isə anlayırsan ki, bu, bir ananın hekayəsi deyil. Bu, minlərlə insanın görünməyən həyatıdır. Küçədə gülən, işdə danışan, dostlarının yanında güclü görünən insanların gecə yatağının kənarında heç kimə göstərmədiyi tərəfidir.

Çünki insan gündüz özünü gizlədə bilir, gecə isə vicdanından gizlənə bilmir.

Bəzən bir ana övladının saçını sığallayaraq öz səhvlərini düşünür.

Bəzən övladının alnından öpərək onun gələcəyinə dua edir.

Bəzən isə heç nə demədən ağlayır.

Onun göz yaşının səbəbini soruşmaq asandır, cavabını tapmaq çətindir.

Mən müəllif olaraq düşünürəm ki, o ananı ağladan bütün yazdıqlarımızdır: məsuliyyətdir, sevgidir, övladının atasız böyüməsidir, ayrılığın peşmançılığıdır... Hətta bəlkə bunlardan da artıqdır.

Çünki ana övladına baxanda yalnız bu gününü görmür.

O, böyüyəcək bir insan görür.

Onun məktəbə gedəcəyini, ilk dəfə yıxılacağını, ilk dəfə ürəyinin sınacağını, həyatın qarşısında seçimlər edəcəyini düşünür. Ana bilir ki, övladını hər ağrıdan qoruya bilməyəcək.

Və bəlkə də onun göz yaşlarının ən böyük səbəbi budur:

**Ana övladını dünyaya gətirəndə ona bir həyat verir, amma həmin həyatın qarşısında öz gücsüzlüyünü də anlayır.**

O gecə iki ana bir-birini sözsüz başa düşdü.

Çünki bəzi dərdlərin tərcüməçiyə ehtiyacı yoxdur.

Bir ana digər ananın gözlərində özünü gördü.

Mənzərə isə sadəcə bir ana və yatan uşaqdan ibarət deyildi.

Orada bir ailənin keçmişi, bir uşağın gələcəyi, bir qadının qərarları, bir ananın məsuliyyəti və bir ürəyin bitməyən sevgisi vardı.

Deməli, bəzən insan mənzərəyə baxmır.

Taleyə baxır.

Və taleyin ən ağır tərəfi də budur ki, onu dəyişmək üçün bəzən bir ömür kifayət etmir.