Ayaz Arabaçı : - Bizə...

Ədəbiyyat 07:39 / 11.06.2025 Baxış sayı: 1812

Qeyrətimiz tuluq kimi sallanıb,

Kim deyirsə yalan deyir nər,bizə.

Biz onsuz da yaxşıları görmürük,

Lazım deyil oğul bizə,ər bizə.

 

Gəlmişik ki,yaddaşlarda lağ qalaq,

Mümkün deyil,təmiz qalaq,ağ qalaq,

Son yürüşə hansı cannan sağ qalaq,

İlk yürüşdən çər dəyibdi,çər bizə..

 

Dan söküldü oyandıq ki..və birdən..

Çatlamışıq içimizdə səbirdən..

Bizi doğan,bizi əkən,qəbirdən,

Qan ağlayır hər baxanda hər,bizə.

 

Andımızı kimə,nəyə içirik..

Yüz iynənin ulduzundan keçirik,

Ehtiramla vəzifəyə seçirik,

Sonra durub soncuq atır xər bizə.

 

Dərdimizi dodaq demir,göz demir..

Bu gün-sabah yaxşı olar,döz,demir..

Bir kəlmə də artıq-əskik söz demir..

Gülə-gülə divan tutur şər bizə..

 

Yağlı aşa-yağlı vədə meyilik,

Arzularda,xəyallarda veyilik,

Dədə,vallah biz oyunçu deyilik,

Bundan artıq nə versin ki,zər bizə.