Arzu Hüseyn- Ürəyimdə aparacam bu eşqi

Ədəbiyyat 18:42 / 16.01.2026 Baxış sayı: 2552

Ürəyimdə aparacam bu eşqi,

Kəfənədək, qəbirədək mənləsən.

Hər cizgini yaddaşıma yazmışam,

Unutmaram bir də səni görməsəm.

 

Nə fərqi var yoxluğunun beynimə?

O, saatsız, o, zamansız, o, səssiz.

Geyinmişəm sənsizliyi əynimə,

Əbədiyyən qovuşmarıq daha biz.

 

Qəbul etdim, tərki-silah eylədim —

İnadımı, inamımı, eşqimi.

Bir də sənin pəncərəni döymədim,

Uçub getdim ovucundan quş kimi…

 

Sən kükrəyən dalğalarda qəribsən,

Boğulacaq son ümidin dənizdə.

Dodağımdan “əlvida”nı dəribsən,

Daha bizi bağışlamaz dəniz də…

 

Gecdir artıq nə “bəlkə”si, nə “kaş ki”.

Amma yenə ürəyini dinləsən —

Nəfəsində daşıyırsan bu eşqi:

Ölənə dək, kəfənə dək mənləsən.