Arzu Əsəd - Şeirin qeyri adiliyi onunla əsaslanır ki...
Şeiri getdikcə tapmacaya, rebusa, riyazi tənliyə, qarışıq və mürəkkəb fikirlərin "qeyri adi" ifadəsinə çevirmək ədəbiyyat deyil. Şeirdəki obrazların, metaforaların qeyri adiliyi onunla əsaslanır ki, şair adi sözlərlə ifadə oluna bilməyən dərin, anlaşılmaz hisslərinin ifadəsi üçün müxtəlif söz kombinasiyaları yaratsın.
Bu bir növ maddələrdəki atom və molekulların bir-birləri ilə reaksiyaya girib yeni maddə yaratması kimidir. Hissdən doğulmayan müxtəlif söz birləşmələri, söz oyunları keyfiyyət baxımından yenilik yaratmır. Şeir hissin ifadəsi olmalıdır. Obraz və metaforalar məqsəd yox, vasitədir - hissin çatdırılması vasitəsi. Təkrarçılıq, köhnəlik, klassikanı yamsılama nə qədər qəbuledilməzdirsə, yenilik adına hissdən məhrum mürəkkəb söz oyunları da şeir adına bir o qədər qeyri məqbuldur.
Müşfiq yazırdı: "Dərinlik çox gözəldir, sadə olursa, Nə çıxar o şeirdən başımı yorsa". Əlbəttə, sadəliyi bəsitlik kimi anlayan, modern şeirin meyarlarının Müşfiqin meyarlarından çox fərqləndiyini deyən çoxbilmişlərimiz tapılacaq. Həqiqi obraz, metafora mürəkkəblikdən keçib yaranan sadəlikdir. Süni şəkildə predmetlərin sifət və predikatlarını bir-biri ilə əvəzləmək, maddi olana mənəvi olanın xüsusiyyətlərini zorla pərçimləmək, içində yaşantılarından dağılan dünyanın yox, düşüncələrində əqli-nəzəri olaraq ayırıb fraqmentləşdirdiyin dünyanın xaosunu, absurdluluğunu ifadə etmək adına qurulan anlaşıqsız söz kombinasiyalarını, hələ-hələ kiminsə həqiqi yaşantısının ifadəsi olaraq nə vaxtsa təbii doğulmuş obraz və metaforaları plagiat olaraq bir başqa kontekstdə, başqa şəkildəyişməsində şeir adına həzm etdirməyə çalışmaq şairlik adına mənasız məşğuliyyətdir.
Poeziya əqli konstruksiyalarla qurulmur. Poeziya, hisslərlə yaşananların ifadəsi olur. Hisslər isə, nə qədər dərin və qarışıq olsalar da, dili sadə və aydındır.