-Arzu Əsəd - Sabirləri neylərdin, ilahi?
"Bir bölük boşboğazıq, heyvərəlik adətimiz,
Doludur lənət ilə, qeybət ilə söhbətimiz".
Bu milləti bunca lənət və qeybət düşkünü yaradacaqdın da, onun içində ciyərini şişirdib partlatmağa Sabirləri neylərdin, ilahi?
Hamı bir-birini ifşa edir. Hamı bir-birinin ayıbını açır. Cəmiyyətimiz kimin harda gəldi ifraz elədiyi Hindistan küçələrinə dönüb. Üfunət iyindən, qoxudan nəfəs kəsilir. Adamlarımız pisliyin iyinə o qədər öyrəşiblər ki, sosial şəbəkələrdə harda qeybət, təhqir, söyüş var, ora yığılırlar, təhqirin, söyüşün qoxusunu ciyərlərinə daha dərindən çəksinlər deyə. İstedadı olan istedadını başqalarının istedadsız olmasını sübut etməyə həsr edir. Dəyəri olan dəyərini başqalarını dəyərsiz eləmək uğrunda tükədir. Şəxsiyyəti olan şəxsiyyətini başqalarının şəxsiyyətini alçaltmaq üçün itirir.
Zamanın jalüzləri açılıb cəhənnəmin ta ortasına düşmüşük. Hamının hamının günahlarını, ayıblarını, içalatlarını üzə çıxardığı qır qazanlı, ifrazat, yanmış bədən qoxulu, atəşli bir cəhənnəmin içinə. Cəhənnəm - bu dünyada ayıbların üzə çıxarıldığı cəmiyyətlərmiş. Allah Habili öldürən Qabilə qardaşının meyidini basdırmaq üçün bir qarğanın başqa bir ölmüş qarğanı torpağa necə basdırdığını nümunə kimi göstərmişdi. Eləcə də, min illərdir ki, bir pişiyin oturub ifrazat etdikdən sonra ayaqları ilə həmin ifrazatın üstünü necə torpaqla basdırdığını nümunə olaraq insanlara göstərir və onlara öz ayıblarınızı və başqalarının ayıblarının üstünü örtün deyir.
Sivil cəmiyyətlər insan haqları adı ilə bunu mənimsəyib, başqalarının şəxsiyyətinə, şəxsi həyatına, adına, şərəfinə, inancına toxuna biləcək hər hansı bir davranışı əməli, işlək qanunlarla yasaqlayıb. İnsanın şəxsiyyətinə, şəxsi həyatına aid olan ayıb, günah sayılan davranışları cinayət hesab edilən davranışlardan ayırıb qanunların və mənəviyyatın himayəsi, pərdəsi altında örtüb toxunulmaz edir.
Cənnət - ayıbların, günahların üstünün örtüldüyü cəmiyyətlərdir. O cəmiyyətlər ki, orada adamlar bir-birinin eyiblərini, günahlarını, dəyərsizliklərini, istedadsızlıqlarını eşələyib üzə çıxarmağa çalışmır, əksinə, cüzi, damla boyda olsa da yaxşılıqlarını, hünərlərini, dəyərlərini, istedadlarını üzə çıxarır və damla-damla göl olur. Bu torpaqda yaşamaq, bu vətəni cəhənnəmə yox, cənnətə çevirmək üçün, nəslimizin qırılıb-tükənməməsini yox, artmasını, millət olaraq var olmamızı istəyiriksə bu torpağın üstündəki hər bir adamda azacıq da olsa yaxşını, hünəri, istedadı, dəyəri görə bilməliyik.
Onun ayıblarını, günahlarını ifşa etməli yox, dəyərsizliyini, istedadsızlığını, hünərsizliyini sübut etməli yox, damla qədər də olsa cəmiyyətə qatdığı, qata biləcəyi dəyəri görməliyik.