Ramiz Qusarçaylı -  Qoca Xalid, bu dünyanın ritmi nə...

Ədəbiyyat 10:06 / 17.02.2026 Baxış sayı: 1059

 

"Səksənincilər" ədəbi nəslinin bir gülü də kövşənə döndü...

"Şeirlərindən kövşən iyi gələn" görkəmli şair və tərcüməçi Qoca Xalid (Namizəd Xalidoğlu) kövşən qoxulu ruhuyla göylərə çəkildi...

Sabir Sarvanın, Hüseyn Əfəndinin, İlham Abbasovun, Akif Səmədin, Məmməd Nazimoğlunun, Fərqanə Mehdiyevanın, Rauf Soltanın, Böyükxan Pərvizin, Əlislam Bilalın...ruhlarına qovuşdu...

Anadan şair doğulanlar cənnətməkan olur deyiblər. Cənnətin mübarək, Qoca Xalid...

***

Qoca Xalid, bu dövranın ritmi nə,-

Bəm birinin, zil birinin əlində.

Könül yatmır bu dünyanın ritminə

Şah birinin, qul birinin əlində.

Göyün pəri, Yerin oxu yeyilmiş,

İki dünya bir bəlaya əyilmiş,

Can hər kəsin öz əlində deyilmiş

Ol birinin, öl birinin əlində.

Bir qalada gül daşıdı daş gülü,

Bir talada meh qurudur yaş gülü,

Kim qoyacaq baş daşıma beş gülü,-

Daş birinin, gül birinin əlində...