SABİR SARVAN.-HARA APARIRSAN.
Günəş güzgüsünü əlindən salıb,
Çiçəklər rəngini rəngindən alıb.
Şəhərə çıxmısan, daş heykəllər də
Arxanca boylana - boylana qalıb,-
Hara aparırsan
bu gözəlliyi?
Heyrətdən bir kəlmə danışan da yox,
Bu qəfil sükütla barışan da yox,
Kəsib qabağını soruşan da yox
-Hara aparırsan
bu gözəlliyi?
Şəhərə aydınlıq üzündən düşüb,
Sığallı xanımlar nazından düşüb,
Yanıqlı - yanıqlı bağır kişilər,
Çoxunun arvadı gözündən düşüb -
Hara aparırsan
bu gözəlliyi?
Bu sevda başımdan sovuşan deyil,
Bu gözlər üzündən yığışan deyil,
Onsuz da heç yana sığışan deyil, -
Hara aparırsan
bu gözəlliyi?