Aləmzər Sadıqqızı - Min ildə bir qarış yol gedən qadın...

Ədəbiyyat 10:18 / 16.01.2026 Baxış sayı: 2673

 

Göylərlərin altında , yerin üstündə,

Hər gecə hönkürən bir qadın ölür...

Səhərlər dip-diri açır gözünü,

Ömrünü min dərdə, qayğıya bölür.

 

Yıxılıb dünyası başdan -binadan,

Hər isti kəlmədən üşüyən qadın...

Aləmin dərdini içinə yığıb,

İçində aləmi düşünən qadın...

 

Mələk ürəyindən dar ağacına

Hər gecə yüz dəfə yolunu azar...

Barmağı ucunda yeriyər ömrə,

Ürəyi üstündə nağıllar yazar...

Dərdini , odunu bilən tapılmaz,

Hər axşam içindən qaralan qadın...

 

Günəşi unudan , ayı itirən,

Payızın yerinə saralan qadın...

Qarışıb içində fəsillər, illər,

Yayda da qar yağar arzularına...

Hərdən durnalara qoşulub geder,

Gedər on yaşının nağıllarına...

Nə nağıl tükənər, nə ömür bitər,

Bir tikə ümidə şükr edən qadın...

Min ildir yolları tənha yüyürən,

Min ildə bir qarış yol gedən qadın.

13.3.2019.