Aida Adıgözəl : - Bütün dövrlərin ayrılıq şəkilləri olur...

Ədəbiyyat 22:33 / 31.05.2024 Baxış sayı: 4908

 

Bütün dövrlərin ayrılıq şəkilləri olur,

istər divarda çərçivədən asılmış,

istər könülə panolanmış...

Ya təbəssümlə

nifrətlə baxarsan divara,

ya da gözlərini yumaraq

iç dünyana səpələnmiş

şəkillərdə qalmış adamları axtararsan.

Kimi hələ ağladar,

kimi hələ ağrıdar,

kimi də gözlərini yandırar!

Baxır səndən necə ayrılmasına...

O şəkildə yola salarsan gedənləri!

Yox, mən unuda bilirəm adamları,

tək xatırladığım boş çərçivələr olur.

Gedənlər o qədər ki...

Divarlarda yer də yox gələnləri asmağa.

Hələ könlümüzdə

ömür azaldıqca

daralır yerləri gəlib gedənlərin.

Baş daşına dönməyə nə var ki,

əcəl almağa gərək yox!

Gözlərində öldüsə

könlündəcə dəfn edirsən,

bir göz qırpımındaca.

Bir şəkillik boş yer qalıb könlümdə,

bəlkə də elə O sənsən,

tələs...