Adilə Nəzər - Gül qurusu hüzün...
Gül qurusu hüzün...
Yolları dolayı,
məsafələri səssiz....
gəldiyi yol izsiz idi yolçunun...
Yolun sonuna vardı hələ,
ancaq uzaqdan azadlığın qaraltısı görünürdü –
qapısı açıq,
pəncərəsi şüşəsiz...
gül qurusu hüzün...
İçində səssiz orkestr çalırdı -
həyatın ritmi damarlarında
kədərli anlarında
günəşin işığını tutub saxlamağı bacarmışdı -
gül qurusu hüzün...
Solmuş xatirələrin kölgəsini istəmirdi artıq,
zaman sakit bir göl kimi çəkirdi illəri...
dünyanı nağıl nəfəsi bürüyürdü hərdən,
dünyasını
gül qurusu hüzün...
Həyat onu yaşıl yamaclarda axtarırdı,
taleyi qarlı çöllərə aparmışdı,
pıçıltıları qanad açanda
alatoran səslərdə əks olunurdu.
Qorxsaydı,
ürəyini açmasaydı şeirlərə
necə olardı halı?!
Dualara sığınmasaydı,
misralara səslənməsəydi -
sınan pəncərə kimi səs salmasaydı
içindəki səssizlik...
və gül qurusu hüzün...
Adilə Nəzər 16.01.2026