Adilə Nəzər : -  FƏLƏK ƏLİ SİLAHLIDIR

Ədəbiyyat 22:01 / 06.02.2025 Baxış sayı: 1254

 

Kim deyir, suya od düşməz,-

Qəlb yanır, gözdən su damır.

Bacasından işıq düşməz,

Divarı nəmdir o damın...

 

Bir ümid yox, bir çarə yox,

Qaçarı yox, uçarı yox.

O dam mənəm, -açarı yox,

Qapısı bağlı odamın.

 

Təkliyin buz əli sınsın,

Yanım, qoy qəlbin isinsin.

Ölüm də canıma sinsin,

Gəlincə bəxtin edamı.

 

Haqq yolunda dağ çapılar,

Yoxdur!- dediyin tapılar…

Yer altında bir qapı var,-

Açılar, alar qadamı…

 

Adilə, dilim ahlıdır,

İnsan ömrə tamahlıdır.

Fələk əli silahlıdır,

Bir anda vurar adamı.