Adil Misirli: -Uzund(i)raz

Maraqli 11:20 / 12.08.2022 Baxış sayı: 1639

                                         

 

Bu kəlməni boy-buxunu, biçimi bədəninə, vücuduna uyğun gəlməyən, olmayan adam haqda deyirlər. Yəni kobud bədən quruluşuna,  malik olan şəxs. Uzunluğu boyuna xələl gətirən adam. Belə adamın boyunun hündürlüyü, ucalığı heç də uca boy, qamət demək deyildir. Başqasına boyunun ucalığı şıqlıq, yaraşıq verirsə, beləsinə əksinə, xələl gətirir, görkəmini qüsurlu edir. Odur ki, ona boyuna uyğun ad seçir, hardasa kobud, qaba səslənən uzundiraz deyirik. Eyni zamanda belə adamın boy-buxununda bir uyarsızlıq, qüsur varsa da biz onun xarici görkəmi haqda təsəvvür yaratmaq məqsədi ilə işlətdiyimiz ifadəni səhv və yanlış deyirik. Necə yəni uzundiraz? Uzunun mənası bizim dildə aydındır. Yəni uca hündür, qamətli. Diraz isə fars sözüdür. Diraz da elə uzun deməkdir. Deməli biz uzunduraz deyəndə çox gülünc, mənasız sözə əl atırıq. Dilimizdə olan və mənası çox aydın anlanılan uzun sözünə zorla farsın dirazını yamaq etmək dilimizi korlayır, ona xələl gətirir. Axı yamaq gözəl ola bilməz. Düşünülməmiş yersiz söz birləşməsi ahəngini pozur, onun rəvanlığına xələl gətirir. Və eyni zamanda burada cilalıq da itir. Dilimizdə uzundiraz sözü kobud, qaba, yersiz və mənasız alınır. Sadəcə olaraq səslənmir. Dilə heç bir şey verməyərək, onu ağırlaşdırır. Yaxşı olardı ki, bu sözdən əl çəkib onun əsl mənasını bildirən, uzunboy sözünü işlədək. Uzunboy sözü  aydındır və məntiqli səslənir. Yəni uzuna bənzər, uzun təki. Bu söz uzundirazdan dəfələrlə rəvan, axıcıdır. Uzunsov desək həm dilimiz təmiz olar, həm özümüzü də çətinliyə salmarıq. Gəlin bundan sonra uzunboy deyək, işlədək. Qoy bu söz öz həqiqi yerini tapsın, dəqiq və məntiqi mənasını bildirsin.