Tahir Rzayev, Aqrar siyasət komitəsinin sədri: -  “Dövlət başçısının  səmimi görüşləri insanlarda böyük ruh yüksəkliyi və gələcəyə inam yaradır.”

SİYASƏT 16:57 / 09.11.2025 Baxış sayı: 1796

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, xüsusilə Qarabağ məsələsində əldə edilən tarixi Zəfər, Azərbaycanın dövlətçilik nüfuzunu daha da gücləndirib və ölkəmizi dünya üçün nümunəyə çevirib. İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aqrar sahəyə təsiri barədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev danışıb.

Deputat bildirib ki, Zəfər Azərbaycan tarixinin qızıl səhifəsidir: “Torpaqlarımızın azad olunması və suverenliyimizin tam təmin edilməsi 23 saat davam edən antiterror tədbirlərinin nəticəsidir. Bu, təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının qürur mənbəyidir. Tariximizə yazılan bu unudulmaz səhifə yeni inkişaf mərhələsinə yol açdı, ölkəmizin iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu daha da artırdı.

Tahir Rzayevin sözlərinə görə, bu gün işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir:

 “Qısa zamanda xarabalığa çevrilmiş ərazilər yenidən canlanıb. Məktəblər, xəstəxanalar, ictimai iaşə obyektləri, magistral yollar, tunellər və inzibati binalar istifadəyə verilib. Artıq Füzuli, Cəbrayıl, Laçın, Şuşa və Zəngilana köç prosesi başlayıb, sakinlər quruculuq işlərinə fəal şəkildə qoşulublar.”

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev bu prosesləri bilavasitə nəzarətdə saxlayır, mütəmadi olaraq həmin bölgələrə səfər edir, tikinti və bərpa layihələrinin gedişinə şəxsən nəzarət edir:

 “Dövlət başçısının təməlqoyma və açılış mərasimlərində iştirakı, sakinlərlə səmimi görüşləri insanlarda böyük ruh yüksəkliyi və gələcəyə inam yaradır.”

Komitə sədri qeyd edib ki, azad olunmuş ərazilərdə artıq sənaye müəssisələri inşa olunub, aqrar sektorun inkişafı üçün mühüm addımlar atılır:

“Son illərdə 100 min hektardan çox sahə əkin dövriyyəsinə qatılıb, dənli bitkilər yetişdirilib, maldarlığın inkişafı üçün imkanlar yaradılıb. Zəngilan və Xocalı rayonlarında torpaqların icarəyə verilməsi və sahibkarlığın genişləndirilməsi istiqamətində mühüm tədbirlər görülür.”

Tahir Rzayev vurğulayıb ki, Azərbaycanın iqtisadiyyatı bu gün davamlı və dayanıqlı inkişaf dövrünü yaşayır:

 “Bu il dövlət büdcəsinin 41,1 faizi sosial xərclərə yönəldilib. Elm, sənaye və kənd təsərrüfatına ayrılan vəsaitlərin həcmi də artırılıb. Son 5 ildə azad olunmuş ərazilərin bərpasına 23 milyard manat, bu il isə əlavə 2,5 milyard manat ayrılması planlaşdırılır. Bu, sakinlərin doğma torpaqlarına qayıdışı üçün dövlətin göstərdiyi böyük qayğının bariz nümunəsidir.”

Deputat əlavə edib ki, iqtisadi güc ölkənin müdafiə və təhlükəsizlik potensialını, beynəlxalq əməkdaşlıq imkanlarını daha da artırır:

 “Bu nailiyyətlər hər bir vətəndaşda qürur hissi yaradır. Zəfər Günümüz mübarək olsun! Azərbaycan xalqına daha böyük uğurlar arzulayıram.”