Şahverən Cavad· - Bir dünya sevinclə
Güllər halay qurub toy həvəslidir ,
Göy tala gəlinlik atlas dəstidir ,
Sanki qız evində paltarkəsdidir
Lalələr alduvaq , zanbaqlar qotaz ,
Bir dünya sevinclə gəlibdir bu yaz .
Düzülüb arx boyu saçlı söyüdlər ,
Arxda çırmanıblar dizinə qədər .
Elə bil qızlardır , su üçün gedir ,
Sular da qızlara edir işvə - naz ,
Bir dünya sevinclə gəlibdir bu yaz .
Ulduzlar göylərdə qızıl toxum tək ,
Bu yaz gecəsində açacaq çiçək .
Sanki , Ay bir bəydir , bulud - ağbirçək ,
Göylər qələbəlik , gecələr bəyaz ,
Bir dünya sevinclə gəlibdir bu yaz .
Sanki , ağacın da ruhu , canı var ,
Bahara hamilə qalıb ağaclar ,
Bir yaşıl budaqdan " doğulacaq" bar .
Cansız kötüklər də göyərib bir az ,
Bir dünya sevinclə gəlibdir bu yaz .
Bu yaz yağışları məlhəmdir , axı ,
Saralan çöllərin üzünə yağır ,
Nərgizin mürgülü gözünə yağır ,
Kaş ki , bu yağışdan ayıla Araz ,
Bir dünya sevinclə gəlibdir bu yaz .
11 . 03 .2026