Şahverən Cavad - Bir tənha adayam , dörd yanım adam

Ədəbiyyat 11:26 / 10.03.2026 Baxış sayı: 171

 

 

Bir tənha adayam , dörd yanım adam ,

Nimdaş fikirlərlə yüklənib çoxu .

Ətrafıma körpü sala bilmirəm ,

Hər kəs öz dərdinə yoluxub , axı .

 

Hələ ünvansızdır bu Yer kürəsi ,

Allaha çatmayan dualarım tək .

Havayı çəkirəm fikir yükümü ,

Daşımaq haqqımı kim ödəyəcək ?

 

Ölən ümidlər tək solur yarpaqlar ,

Belə yaşamaqdan ağac da bezdi .

Bu dünya Tanrının dəyirmanıymış ,

Heç daş da dözməzdi ,

adamdı - dözdü .

 

Daralıb zamanın hesab dəhnəsi ,

Sular bulanıqdır , daha lil axır .

Boşalıb kasıbın çörək təknəsi ,

Mis qazan tək dövrün paxırı çıxır .

 

Ömür də qüruba gedən Günəş tək ,

Asılıb əcəlin dar ağacından .

Ümid , səs çatmayan dərə kimidir ,

Sonuncu ümid də ölür acından .

08 . 03 .2026