Sona Vəliyeva : - QƏLB EVİ ALLAH EVİ OLANDA...

.
Duaların Tanrıya ən yaxın yeri
kilsəmi,
məscidmi –
sordun, dost!
Ən müqəddəs dua evi
Allahın ruhuyla
qurulan,
imanla bəzənən
qəlb evi,
vicdan evidir.
Allahı şah damarından
yaxın duyunca
ömür ayələrdən libas geyinər,
dualar yavaş-yavaş çiçəkləyər.
Əl,
göz,
ayaq
şahidliyi unudulmayınca,
günahlarımızı
boy sırasıyla xatırlayınca,
tövbədən,
yalvarışdan,
etiraflardan paklanıb
Haqq yoluna varınca
könül minarəsindən
göylərə qapı açılacaq...
Təmizlənən ruh,
arınan vicdan
göz yaşında durulacaq.
Allahı yorma, insan oğlu,
onsuz da, işi çoxdu...
Çəkil
könül xəlvətgahına,
hər şeyi özündən başla,
dünyaya oradan bax.
Sonrasını,
qalanını rəhmli olan
Allaha burax!