Ramiz Qusarçaylı - Ələsgər

Ədəbiyyat 14:23 / 07.03.2026 Baxış sayı: 167

 

Bu gün Allahın taxtından gələn işığın,- ulu Aşıq Ələsgərin anım günüdür. Vəfatından 100 il keçən Dədənin ölməz ruhu şad olsun! Gün olsun, Ağkilsədə ziyarətinə gedək...

Nə sazdı, nə sözdü, nə də aşıqdı,

Nə mağar, nə düyün, nə yaraşıqdı,

Allahın taxtından gələn işıqdı,

İşığın taxtında şahdı Ələsgər.

 

Hər beyti ayədi, hər sözü kəlam,

Açması önündə dilsizəm, lalam,

Sənətdə peyğəmbər Əleyhissəlam,

Dəryada tufandı, Nuhdu Ələsgər.

 

Yerin pərdəsidi, göyün simləri,

Əritdi canında çox tilsimləri,

Dolaşır İlahi mərasimləri

Kükrəyən, çağlayan ruhdu Ələsgər.

 

 

Sehri çox mələklər ötən eşqinin,

Arazda, Samurda itən eşqinin,

O taylı, bu taylı Vətən eşqinin

Göyçə dodağında ahdı Ələsgər.

 

Kitablar bağlanıb Hürr savaşından,

Zirvələr dizinnən, bulud qaşından,

Adına pir tikin məhək daşından

SafAğdı, OdƏrdi, Bağdı Ələsgər.