Meyxoş Abdullah - "Həyatın bir anı"nı yaşayanlar...
Haqqında söhbət açacağım dəyərli insan, işıqlı ziyalı, sözün həqiqi mənasında, böyük şəxsiyyət, 40 ildən artıq bir müddətdir ki, dostluq etdiyim, tanınmış vəkil Fəxrəddin Bahəddin oğlu Mehdiyevdir. Fəxrəddin müəllim mənim şəxsiyyətinə qibtə etdiyim, insanlığına, dəyanətinə və sədaqətinə güvəndidyim dostlarımdandır.
Həyatda xoşbəxt adam o adamdır ki, insan olduğunu dərk edib, insan kimi yaşamağı bacarır. Bəlkə də, bu fikrim çoxlarına qəribə görünə bilər. Amma bir az fkirləşsəniz görərsiniz ki, həqiqətdə də belədir. Bir çoxlarımız insan kimi doğulsaq da, insan kimi yaşamağı bacarmırıq. Həddən artıq tamahkirlik, qəddarlıq, xəbislik, paxıllıq və heyvani şəhvət hissləri insanı mənəvi dəyərlərdən uzaqlaşdıraraq, bizə bəxş olunan bu gözəl həyatın qəniminə çevirir.
Sadəlik, nəciblik, xeyirxahlıq insanın ən ali keyfiyyətlərindəndir. Allahın yaratdığı hər şey, adicə çöpündən tutmuş möhkəm dəmirinə qədər nazilib, üzülüb, sınır. Bircə insandır ki, yalnız yoğunayanda sınır. Təbii ki, söhbət, şişib, özünü heç kəsə tay tutmayan, təkəbbürlü, eqoist, paxıl, qudurğan adamlardan gedir.
Fəxrəddin Mehdi əslən Yardımlının Bilnə kəndindəndir. Orta məktəbi qızıl medalla, universiteti isə qırmızı diplaoma bitirmişdir. Çox savadlı, siyasi cəhətdən yetkin bir hüquqşunasdır. Hələ, sovet dönəmində o bir hüquq müdafiəçisi kimi çətin məhkəmə proseslərində iştirak etmiş və haqqları tapdalanan insanların hüquqlarını müdafiə edərək, onların bəraət almasına köməklik göstərmişdir.
Hətta, bir məhkəmə prosesinin sonunda işi aparam hakim Fəxrəddin müəllimə yaxınlaşaraq demişdir: - “Sənin yerin vəkillik deyil, oğul, sənin yerin mənim oturduğum bu kürsüdür”.
Bir dəfə də hüququ müdafiə olunan zərərçəkmiş şəxs məhkəmə prosesindən sonra təəccübünü gizlədə bilməyərək, Fəxrəddin müəllimə minnətdarlıq edərək bildirmişdir: - “Sizin udduğunuz bu məhkəmə prosesini mən Hind kinolarında görmüşəm”.
Fəxrəddin Mehdi sadə və namuslu bir insandır. Sadə olduğu qədər də təvəzökardır. İnsanları sevən, özünə hörmət qoyan, yaxşını pisdən seçməyi bacaran, saf bir insandır. 40 ildən artıqdır ki, onu tanıyıram, ailəvi dostuq. Bu illər ərzində o, daxilən zərrə qədər də olsun dəyişilməmişdir. İçinin saflığını, uşaq məsumluğunu qoruyub saxlamışdır.
Hər dəfə Bakıya yolum düşəndə vaxt tapıb onunla görüşürürəm. Dəfələrlə evində qonaq olmuşam. Həyat yoldaşı Dilarə xanım, oğlu Vüsal, qızları bu dostluğumuza dəyər verərək, münasibətlərimizin daimi və əbədi olması üçün ürəkdən səy göstərirlər.
80-cı illərin axırı, 90-cı illərin əvvəllərində Fəxrəddin müəllim Cəlilabadda işləyirdi. O vaxtlar çox ağır zamanlar idi, ölkə çətin günlərini yaşayırdı. Fəxrəddin Mehdi dostu hüquqşünas Valeh müəllimlə “Hüquq kooperativi” təsis etmişdilər. Yeni yaradılan kooperativlər və fermer təsərrüfatları üçün hüququ yardım göstərirdilər. Məni də bu işə cəlb etmişdilər, onlara bəzi yazı-pozu işlərində kömək edirdim.
O vaxtlar mən ailəmlə hökumət evində olurdum, uşaqlarım da balaca idi. Fəxrəddin müəllim isə, rayonun Maşılıq kəndində yaşayırdı. Hər gün o yolu gedib gəlirdi. Onun üçün bu yolu gedib-gəlmək çox çətin idi. Gündə olmasa da həftədə bir-iki dəfə bizdə qonaq olurdu. Uşaqlarım da ona öyrəşmişdilər. Onun gəlişini sevinclə qarşılayırdılar.
Fəxrəddin müəllim çox zarafatcıl bir insandır. Bir gün mənə dedi ki, indi hamı bir müəssisə, kooperativ açır. Gəl, biz də “Həyatın bir anı” adlı iki nəfərlik elmi, bədii bir məclis təşkil edək. O, bu fikri, həm zarafatla, həm də həqiqi mənada dedi. Razılaşdıq.
Fəxrəddin müəllim bir hüquqşünas kimi təsis etdiyimiz bu kiçik hüququ müəssisənin nizamnaməsini, mərəmnaməsini hazırladı, maliyyə fondunu yaratdı. Sədr də məni təyin etdi. Demək, “Həyatın bir anı” nın məramnaməsi nədən ibarət idi. Biz həftədə bir dəfə oturub, dünyanın qeylü-qalından uzaq yeyib-içməli, həyatın dadını çıxarmalı idik. Bunun maliyyə dəstəyin də ikimiz formalaşdırırdıq. Sərt qərar qoymuşduq ki, kim bu qaydaları pozarsa, fonda əlavə pul köçürməli idi. Bu minvalla bir müddət beləcə başımızı qatdıq. Gözəl bir həyat yaşayırdıq. Sonra Fəxrəddin müəllim işiylə əlaqədar Bakıya köçdü. Ailəsiylə birlikdə Lökbatanda yaşayırdı. Tez-tez görüşərdik. Və “Həyatın bir anı” nı da öz qaydasıyla davam etdirdi.
Mən hər dəfə Bakıya gələndə işlərimi qurtarıb Fəxrəddin müəllimi gözlərdim. Peşəsiylə bağlı onun işləri həmişə çox olurdu. İşlərinin çoxluğuna görə, o çox vaxt görüşə yubanirdı. Gözləməkdən xoşum gəlməsə də, onun yubanmasından qətiyyən inciməzdim. Çünki, Fəxrəddin müəllim öz səmimiyyətiylə adamın qəlbini ələ almağı bacarırdı. Həmişə də, üzündə təbəssüm işartısıyla mənim yavaş-yavaş çallaşan saçlarıma baxıb deyərdi: - Bu saçların ağarmasında mənim də günahlarım var. Səni o qədər gözlədirəm ki, fikirdən saçların da ağarır, - deyər və özünəməxsus şəkildə bərkdən gülərdi. Hal-əhval tutduqdan sonra gedərdik “Həyatın bir anı”nı qeyd etməyə.
Artıq bir xeyli yaşlaşmışıq. Fəxrəddin müəllimim 74, mənim isə 64 yaşım var. “Həyatın bir anı” yenə də davam edir. Amma qocalıqla əlaqədar nizamnamədə bir az dəyişiklik etmişik... Arif olanlar bunu bilər.
Allah yaxşı insanları qorusun. Bu dünyanı yaxşı insanlar zinətləndirirlər. Siz də yaxşı gün keçirməyə çalışın. Çünki həyat bir andır, bir göz qırpımında gəlib keçir...