Lilpar Cəmşidqızı : -QƏZƏL (Rəzəc bəhri)

Ədəbiyyat 09:01 / 09.07.2025 Baxış sayı: 1074

 

Dərdi boyumdan yekədir indi xəzər gözlərimin,

Tüstüsü göydən görünür, atəşi var közlərimin.

 

Cismimi üstündə çəkir, gah dayanır, gah sürünür,

Sanki ağır yük daşıyır, taqəti yox dizlərimin.

 

Ruhumu zülmətdə qoyub, gəlməyir artıq səhərim,

Sübhü şəfəqdən boğulub, doğmadı gündüzlərimin.

 

Əsdi külək, yağdı yağış, fəsli- xəzandan keçirəm,

Keçmişə dönsəm görərəm, heç biri yox izlərimin.

 

Qəlbimə od saldı fələk, yurduma döndüm yenidən,

Gördüm əzəldən quruyub, dəhnəsi kəhrizlərimin.

 

Fikrimi aydın yazıram, anlamayanlar da bilir,

Cümlədə mübtadə, xəbər, nöqtəsi var sözlərimin.

 

Qüssə, kədərdən yorulan aləmə, Lilpar, daş olub,

Dərdi ürəkdən qoparıb üstünə qoy gözlərimin.