Fərhad Tapdıqoğlu : - Baxdı

(hekayə)
Barat kişi gözlərini açdı,saata baxdı.Hava işıqlaşmışdı .Yatağındaca otağın pəncərəsindən bayıra baxdı.Sonra gözlərini tavana zillədi,baxdı.
Mətbəxdən suyun şırıltısını eşitdi.Gərnəşdi,ayağa qalxdı,vanna otağına keçdi.Güzgüyə baxdı.Başında az- maz tük qalmışdı.Qaşları da ağappaq...Yuyundu,qurulandı.Mətbəxə boylanıb,baxıb ,qarısına " sabahın xeyir" dedi.
Özü də ,qarısı da yaşa görə təqaüddə idilər,hər ikisi aldıqları təqaüdə baxırdılar.
Barat kişi özünə baxan kişi idi gəncliyindən,elə evə də baxan idi...
Barat kişi otağa keçib ,geyindi və yenidən mətbəxə keçdi.Qarısına xatırlatdı ki,bir azdan əsgər yoldaşı gilə gedəcək.
Əsgər yoldaşı Cəlalın Barat yaşadığı qəsəbədən bir neçə kilometr aralı təsərrüfatı vardı,mal- qoyun da saxlayırdı,toyuq - cücə də...bağ- bostanı da vardı .Qələbə günü şərəfinə
Cəlal kişi Barat kişini təsərrüfatına baxmağa dəvət eləmişdi.
Barat kişi hündürmərtəbəli binanın 9- cü mərtəbəsində yaşayırdı.Eyvana çıxdı ki,havaya baxsın.Havaya baxdı.Gün çıxmışdı.Günəşə baxdı.Sonra eyvandan aşağı boylandı,baxdı..Gözləri axdı...
Tez mətbəxə qayıtdı,qazın üstündə qaynayan çaydana baxdı...
Yüngülvari qəlyanaltı elədi.Həyat yoldaşının dəmlədiyi çaydan da bir stəkan içdi .Sonra yenidən otağa keçdi .Paltar dolabını açdı,təzə kostyumunu asılqandan götürdü. Sovet dönəmində təltif olunduğu " Əmək şohrəti" ordenini də daxıldan götürdü.Kostyumu əyninə geydi, ordeni pencəyinin yaxasına taxdı, güzgünün qabağında dayanıb,özünə baxdı.
Qarısı ona yaxınlaşdı:
- A kişi,nədi qonaqlığa ordenini taxıb gedirsən?
Kişi:
- Bayramdır da,nolar- dedi.
Qarısı:
-Ay ətin tökülsün sənin - dedi.Çıxart əynindən sən canın o ordenli kostyumunu.Camaatı özünə güldürmə .Sən dostunun təsərrüfatına baxmağa gedirsən.
Arvadı başqa kostyum çıxarıb verdi.
Barat arvadının üzünə baxdı...sözünə baxdı...
Evdən çıxıb ,evlərinin yaxınlığındakı marketdən bir az aynöyün ( ayın- oyun) aldı dostu Cəlal gilə aparmağa.
Taksiyə əyləşdi,ətrafa baxa- baxa getdi Cəlal kişi gilə.
Cəlal kişi onu qucaqladı,üzünə baxdı,mehribancasına görüşdülər...
Çəlal kişi dedi:
--Mala,qoyuna baxanım var,mən çatdırmıram.Çobanım baxır.Yaz aylarında arvadla bura gəlir,düz qışa qədər burda qalırıq...
Arvad biş- düş,yır- yığış, təmizlik,qışa tədarük işlərinə baxır...
Şükür Allaha nə sən,nə də mən uşaqları " ələbaxan" öyrətməmişik.Hərəsinin öz evi- eşiyi var,ailələrinə ,uşaqlarına özləri baxırlar.Biz sadəcə olanımızdan kömək eləyirik...
Vallah qonşu uşaqlarından valideynlərinin əllərinə,ciblərinə baxanlarla yanaşı,çoxüzdü övladlar da var.Belələrinə baxıb düşünürsən:"Üzə bax ee bunlarda"...
Cəlal kişi göstərdi bağı- bağçanı,toyuq- cücəni,mal- qoyunu..Barat kişi baxdı."Maşallah" - dedi."Bərəkətli olsun "- dedi...
Cəlal kişi ocağın üstündəki qazanın qapağını qaldırdı,qazanın içinə baxdı.Xaşlama bişirirdi ...
Cəlal əsgərlik şəkilləri olan albomu gətirdi...Şəkillərə baxdılar...Şəkillərə baxa - baxa yaddaşlarını vərəqlədilər...
Xidmətdə olduğu Kamçatkada gecə- gündüz uzaqdan baxdıqları,vulkanlar,qeyzerlər yadlarına düşdü...Sakit Okeanın bixtasında suya girib çıxan atom sualtı,suüstü qayıqlara dəfələrlə baxmışdılar...
Əsgər yoldaşlarından rəhmətə gedənlər də vardı,əlaqələri olanlar da,məlumatsız olduqları da...
Albomun arasında bir neçə saralmış məktublar da vardı.Bu məktublar Cəlalın sevdiyi qızın ona yazdığı məktublardan bir neçəsi idi..Baxdılar,oxudular...
Cəlal qısa danışdı:
---Onu mən çox istəyirdim,mən yaşadığım şəhərdə orta məktəbdə bir neçə il bir sinifdə oxumuşduq...
Ona bu məşhur bayatını dəfələrlə demişdim:
"Əzizim,baxdı yarım,
Baxtımın taxtı yarım.
Üzündə göz izi var ,
Sənə kim baxdı yarım..."
Xoşu gəlirdi bu bayatıdan.
Barat kişi:
--Arvadın həmin o qızdır,sevdiyin qız?
Cəlal:
--Yox,mən əsgərlikdən yenicə qayıtmışdım ki,onu öz qohumlarına zorla ərə verdilər...Daha o barədə heç nə soruşma...
Yedilər, içdilər...Mahnıya da qulaq asdılar:
" Könül verməzlər şər vaxtı,
Arxamca bir qərib baxdı.
Qarabağım- qara bəxtim,
Qalmaz belə,qalmaz dünya"
Ardınca başqa mahnı:
" Pəncərədən daş gəlir,
Ay bəri bax,bəri bax"
Barat kişi :
--Bir qulaq as,gör nətər yazmışam-dedi:
" Əyri baxan düz görə bilməz"
"Göz qapaqları insana həm də ona görə verilib ki,məsləhət görülməyənlərə göz qapaqlarını qapayasan,
baxmayasan"..
"Gözəl baxan gözəl görər".
Ehh,qardaş:
"Dünya bir pəncərədir,
Hər gələn baxar,gedər."
--Biz də qocalmışıq- dedi Cəlal kişi...
Barat kişi:
--Doğru deyirsən ,bəzi cavanlar qocaları bəyənmirlər.Bizim binada bir cavan oğlan var,çox imkanlıdır.Adama yuxarıdan aşağı baxır- dedi.Mən istədim müəllifini unutduğum bir şeirdən bir bənd deyəm ona:
" Malınla ,varınla çox qürrələnmə,
Demə ki,qismətdir, bu da bir baxtdır.
Yuxarıdan aşağı baxma sən mənə,
Yuxarıdan aşağı baxan Allahdır"
Amma demədim heç nə...Allah -təala yuxarıdan baxır,hər şeyi görür.
...Vallah hər şey baxta baxtdır
Hələ Şeyx Nizamı yazırdı ki,bəxt amili vardır. Amma bu günümüzə şükür!
Cəlal kişi diqqətlə Barat kişiyə baxırdı:
--Vallah o qədər yerə baxanlar görmüşəm,yüz hoqqadan çıxırlar.Şəhərdə qonşumuz fala baxır .Adlarını da özləri ekstrasens qoyublar indi...
Bax beləcə yedilər,içdilər,söhbətləşdilər.
Əsgərlik illərinin yoldaşları nərdtaxta da oynadılar.Malabaxan da onların oyununa baxdı,azarkeşlik elədi..
Barat kişi evə qayıdanda əskərlik dostunun arvadı ona öz təsərrüfatlarında olanlardan pay da qoydu..
Barat kişi sağollaşdı,evlərinə yola düşdü...
Gəldi bankomata baxdı,özünün də,qarısının da pensiyasını çıxardı...
Evə girdi.Arvadı kişinin əlindəki bağlamaya baxdı.Kişi bağlamanı ona uzatdı.Otağa keçdi,televizorun düyməsini basdı.Televizora baxdı.Simfonik musiqi səslənirdi.Barat kişinin musiqi təhsili olmasa da simfonik musiqilərin bəzilərinin müəllifini əzbər bilirdi.Bir az qulaq asıb ,öz- özünə dedi:
" Bu Sebastyan Baxdı,alman bəstəkarı"
Sonra ciblərinə baxdı,pensiya pulunu çıxarıb ,arvadına verdi...kinoya baxdı qarısıyla...
Kino qurtardı..Barat kişi saata baxdı və getdi yatmağa...