Əşrəf Veysəlli - KEÇMİŞƏM
(Zarafat şeirlərindən)
Keçilməyən keçidləri, sədləri,
Mən qan-tərə bata-bata keçmişəm.
Neçə-neçə zəlzələdən, tufandan,
Allahımdan tuta-tuta keçmişəm.
Əlim əlin yuxasından yapışıb,
Öz bəxtimin çuxasından yapışıb,
Gündüzlərin yaxasından yapışıb,
Gecələri çata-çata keçmişəm.
Qarabağın ağ günləri uzaqda,
Qaralıbdır sinəmdəki ocaq da.
Qara bəxtim qar ələyən o çağdan,
Misraları çata-çata keçmişəm.
Bağlanıbdır mən istəyən yol daha,
Yan ürəyim, yana-yana qal daha.
Gecə-gündüz yalvarıram Allaha,
“Möminata-müslimata” keçmişəm.
Can-ciyərin hərəsi bir tərəfdə,
Canım çıxar görməyəndə hər həftə.
Nə xeyri var? – ya “YAP”dayam, ya “SƏP”də,
Ya da gedib “Müsavat”a keçmişəm.
Gün görmədim günnüyündə mən ömrün,
Dəyirmanın dənnəyində dən ömrün.
Şənnənirdim şənnəyində şən ömrün,
İndi daha muğamata keçmişəm.
Dəli könlüm dərdi mükafat bilib,
Nə ev bilib, nə evdə övlad bilib.
Köhlən-köhlən kəlamələri at bilib,
Cilovundan darta-darta keçmişəm.
Dostlar məni çıxarsa da yadından,
Əl-ələyəm bir vəfalı qadınla.
Ürəyimin infarkt adlı çatından,
Sübh havası uda-uda keçmişəm.
Bir canım var, neçə cəllad müştəri,
Görən deyir: “nəyin varsa düş bəri”.
Məzhəkəymiş bu ölkənin işləri,
Yandığımdan zarafata keçmişəm.
1992-ci il