Əlizadə Nuri : - Qara rəngdə ağ gəzirəm...

Ədəbiyyat 10:14 / 24.04.2024 Baxış sayı: 1283

 

Mənimki Allaha qalıb-

Haqsız olub -haqq gəzirəm.

Mən bu qışın ortasında

Bir yaşıl budaq gəzirəm.

 

Hansı suçundan asılıb?-

O qız saçından asılıb...

...Dar ağacından asılıb

Şükür, hələ sağ gəzirəm.

 

İynə var ki sap axtarım?

Kir içində saf axtarım?!

Cəlladda insaf axtarıb-

Qara rəngdə ağ gəzirəm...

 

Ömür gün-gün dağıldı ki...

Bu açılan paxırdı ki...

Yüküm elə ağırdı ki-

Haçandı axsaq gəzirəm.

 

Bu olubdu tək istəyim:-

Tanrıdan ətək istəyim.

Hamını sevmək istəyib-

Hamıdan uzaq gəzirəm...

 

Paylaş