Elnur Uğur Abdiyevdən  İKİ ŞEİR 

Ədəbiyyat 08:25 / 05.05.2024 Baxış sayı: 2952

v

Bu dəqiqə elə qəribəm,

Məmləkətin ayaqlarını yuduğu

Göy Xəzərin sahilində

Neftçalada yaşamıram,

Sadəcə baş girləyirəm.

Bu dəqiqə elə qəribəm

Eynimi açmır ulduzlu gecə də,

Hər gün baxışlarım asılan səma da.

Sanki ögey anadır təbiət,

Nə qədər edirəm,

Özümə gələ bilmirəm.

Bu dəqiqə elə qəribəm,

Qürbətin yükündən dərs deyə bilərəm

Hicrətin ibrətini almayanlara.

Onun qüdrətini anmayanlara

Bir qərib eşqi arzulayıram.

Bu dəqiqə elə qəribəm

Allahı ən doğmam kimi dərk edirəm.

Özümü tərk edirəm,

Özünüdərk nəymiş indi anlayıram

***

 

Pəncərədən küçəyə boylanan xatirələrim,

Tərlədir pəncərənin gözlərini.

Gözlərimdə bir göz yerini

Oyur,aprelin soyuğu.

Yağır onsuzluğun yağışı

Sonsuzluğun yağışı.

Xəyalını çətir əvəzi açıram başım üstə,

Xatirələr islanmasın deyə.

Pəncərədən küçəyə boylanıram

Yaddaşımın küncündə bir əlil arabası

Bu əlil arabasının oturacağında ümid iməkləyir.

Dirəyib divara ayaqlarını saat

Çıkk- çıkk.

Yerimir onsuz saniyə də.

Özüm özümə labirint- döngə.

Çıxa bilmirəm özümdən.

Aprelin soyuq gecəsində

Pəncərədən küçəyə boylanan xatirələr

Üşüyər,üşüyər,üşüyər.

Üşümək darıxmaqdı,

Ən gözəl darıxmaq xatirələrin səfərbərliyidir.

İçimdə bir yağış var ki,

Taleyim qara buludun yer üzündə səfirliyidir.

Mənə bir qapı göstərin,gedim!

Pəncərədən küçəyə boylanan xatirələrim,

Məni onsuz da aparır.