Vasif Süleyman : - TƏQVİMİN ELBARİZ MƏMMƏDLİ GÜNÜ

YAZARLAR 10:46 / 05.05.2024 Baxış sayı: 1157

 

Sabah - 6 mayda bir çox əlamətdar hadisələrlə qeyd oluna bilər. Bizim üçün, 6 may məmləkətin halal söz adamlarından olan, əziz dostumuz, ünlü şair Elbariz Məmmədlinin dünyaya gəldiyi gündür. Əziz qələm dostumuzu ürəkdən təbrik edir, ona həyatda həmişə sevinci günlər arzulayırıq.

Elbariz Məmmədli 6 may 1960-cı ildə Şəmkir rayonunun Çaparlı kəndində anadan olmuşdur. 1977-ci ildə Şəmkir rayonunun «Komsomol» sovxozunda fəhlə kimi əmək fəaliyyətinə başlamış, 1978-1980-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.

E. İ. Məmmədov 1985-ci ildə Azərbaycan dəmir yolunun Keşlə stansiyasında qatar tərtibçisi kimi fəaliyyətini davam etdirmişdir. 1991- ci ildən 2022-ci ilə kimi «Azərbaycan dəmiryolçusu» qəzetinin müxbiri olub. Hazırda İnfrastruktur Departamenti BHİK-in mütəxəssisidir.

Qırx ildən artıqdır ki, respublika mətbuatında bədii və publisistik yazıları ilə çıxış edir.

1996-cı ildə publisistik fəaliyyətinə görə "Qızıl qələm" mükafatına layiq görülüb. "Durna harayı" adlı ilk şerlər kitabı 1993-cü ildə, «Mən savaşa çağırıram» adlı ikinci kitabı 2006-cı ildə, «Dünya iki rəngdədir» adlı üçüncü kitabı 2010-cu ildə çapdan çıxmışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.

Azərbaycan Dəmir Yolunda fəaliyyətinə görə "Fəxri dəmiryolçu" adına layiq görülüb.

Əziz qələm dostumuzu bir daha ürəkdən təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Elbariz MƏMMƏDLI

OLMUŞUQ

Özümüzü öyməyək, öyüləsi nə var ki?

Təpəri düyünlənib, açılmaz sirr olmuşuq.

Yağmalanan ruhumuz qalıb yadlar əlində,

Nə oduna yanmışıq, nə həmfikir olmuşuq.

 

Bizim olmayan adət evimizə soxulub,

Harda Vətən eşqi var, buxovlanıb, boğulub,

Biz nəyə yol almışıq, bu dünyaya doğulub?

Yalanların içində ümidi pir olmuşuq.

 

Arxada danışmaqdı çoxumuzun peşəsi,

Hərənin öz niyyəti, hərənin öz köşəsi,

Məmləkətdə sevincin zəhər dadır nəşəsi,

Min il dava aparıb, beləmi hürr olmuşuq?

 

Bu torpağın haqqı var, ödəmək ər işidi,

Zirvələrdə yer alan bayraqlar nər işidi,

Azadlıq bu millətin fövqəlbəşər işidi,

Nədən öz haqqımıza bu qədər kür olmuşuq.

 

Gözümüz aydın olsun, əsir yurdlar oyanır,

Saxadan Təbrizəcən yatan Qurdlar oyanır,

Hər gün yolu kəsilən son ümidlər oyanır,

Bu dünya yaranalı, tarixlə bir olmuşuq.

 

Yetər ki, aşınmışıq rusun, farsın əlində,

Arzumuzu don vurub, qışın soyuq yelində,

Bu millətin sevdası qabarlaşıb dilində,

İtin-qurdun yolunda əsir-yesir olmuşuq.

 

NEÇƏ Kİ...

Çoxdandı ki, ilhamım ağrılara köklənib,

Yanına əlim çatmır duyğu dolu yerlərin.

Tənha ada kimiyəm, canım elə təklənib,

Ruhunu unutmuşam romantik şeirlərin,

 

Hər şey oyuna dönüb, sönük bəşər içində,

Bulanırıq dünyanın bulanıq sularında.

Adamlar can sürüyür dərd-əzabın köçündə,

Təbəssüm daşa dönüb solğun dodaqlarında.

 

Çoxdandı tuş olmuşam, dost-doğma qınağına,

Könlünü ümidə tut, sevincdən yaz, deyirlər.

Təzə duyğu dalınca düş, yolların ağına,

Ruhu cana gətirir ümidli söz, deyirlər.

 

Nədir sirri ağrımın, heç, özüm də bilmirəm,

Hara üz tuturamsa, duyğularım üşüyür.

Elə bil ki, dünyanın işığı da kəmdi, kəm,

Açılan hər səhəri üfüqlərdə qəm düyür.

 

Əldən çıxan fürsətdi ötən günün hər anı,

Gedən çıxıb gedəcək, yoldan saxlamaq olmur.

Baxırsan, qəm bürüyüb bu dünyada hər yanı,

İki gözlə bu boyda dərdi ağlamaq olmur.

 

Hər kəs bir gül bitirsə, aləm cənnət olardı,

Axardı nəğmə kimi gecələrin uyğusu.

Bu haqsız davalarla insanlıq hara vardı?

Çəkildi dağa-daşa gözündəki yuxusu.

 

Kürsü cinayətləri neçə ki, tükənməyib,

Üzümüz gülməyəcək doğuşdan ölənədək.

Neçə ki, şər qılınclar ucalıqdan enməyib,

Söz də qan ağlayacaq, yerə haqq gələnədək.

 

HARDASAN?

Üşüyən qəlbimin yaz həsrəti var,

Hardasan ruhumun odası, harda?

Hara üz tuturam, yolu dumanlı,

Bitib bu istəyin nidası, harda?

 

Elə yol gəlirəm mən, üzü sənə,

Çəkilib həsrətin çən üzü sənə,

Ürək göndərirəm dan üzü sənə,

Hardasan, eşqimin qadası, harda?

 

Ümidim bu yolda əliyalındı,

Bilmirəm, sevinci harda çalındı,

İndi düşündüyüm sənin halındı,

Hardasan duyğumun adası, harda?

 

Son görüş əzabdı, son iz aldanış,

Bir üz həsrət dadır, bir üz aldanış,

Hamı gerçək oldu, tək biz aldanış,

Qaldı eşqimizin sədası, harda?

 

Torpaqdan boy atan çiçək kimiydik,

Ritmi qoşalaşmış ürək kimiydik,

Biz ki, birbirinə gərək kimiydik,

Soldu könlümüzün butası, harda?