Əlizadə Nuri :- Göyə çöp daşıyan bir quşam, ana...

Ədəbiyyat 20:13 / 05.05.2024 Baxış sayı: 973

 

Bu qəmlə bələkdə tanış olmuşuq-

Mən elə bu qəmlə tay-tuşam, ana.

Yerdə yer tapmadım yuva qurmağa,

Göyə çöp daşıyan bir quşam, ana.

 

Sözün aynası da qırıldı bu gün...

Sonuncu ümid də vuruldu bu gün.

Dərd mənə çatınca yoruldu bu gün-

Mən tanrı dağına yoxuşam, ana...

 

Görünsün göy üzü -baxım bu gecə,

O axan ulduzla axım bu gecə...

Özümü tutacaq ahım bu gecə-

Bu gecə özümə qarğışam, ana.

 

Bu ipi kim çəkib çəpər eyləyib?

Şeytanın evinə səfər eyləyib...

Xaraba salana xəbər eyləyin-

Mən o xarabada bayquşam, ana.

 

Sənin haqq bildiyin haqq-hesab imiş,

Ölüm-iynə imiş, ömür- sap imiş...

İçdiyim süd imiş, ya şərab imiş-

Dünyaya gələndən sərxoşam, ana?!..