"Sahibkar öz məhsulunu təkcə daxili bazar üçün istehsal etməməlidir" - Tahir Rzaye, komitə sədri

İqtisadiyyat 16:13 / 05.05.2024 Baxış sayı: 1194

"Bu gün Azərbaycanda fəaliyyət göstərən şərab müəssisələrinin əksəriyyəti böyük istehsal gücünə malik deyil. Buna görə də onlar yenidən formalaşmalı, daha keyfiyyətli məhsullar istehsal etmək üçün müasir standartlara cavab verən avadanlıqlar quraşdırılmalıdır".

Yenises.az  xəbər  verir ki, bunu TNS-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Onun sözlərinə görə, “Qida təhlükəsizliyi haqqında” qanuna ediləcək dəyişiklikdə bir ildə ixracla bağlı 100 min dekalitr alkoqollu içki istehsalı nəzərdə tutulub: "Ancaq bu gün ölkədə alkoqollu içki istehsal edən 132 müəssisənin 75 %-i bu tələbi ödəyə bilmir. Ancaq cari ildən başlayaraq, 2032-ci ilə qədər hər il 20 min dekalitr gücündə olacaq. Bir şərtlə ki, müasir standartlara cavab verməli və yüksək keyfiyyətli olmalıdır. 98 müəssisənin yalnız 8-nin istehsal gücü qanunun ixracla bağlı tələbini ödəyə bilir. Digərləri isə kustar şəkildə istehsal həyata keçirdikləri üçün rəqabətə cavab verə, ixraca yönələ bilmir".

Bəs ölkəmizdə alkoqollu içki istehsalı niyə bu qədər aşağı səviyyədədir? Niyə keyfiyyətli məhsul istehsal edə bilmirik?

Deputat bildirib ki, keyfiyyətli məhsullar istehsal etmək üçün müasir texnologiyalar tətbiq olunmalıdır: "Əgər bu avadanlıqları ölkəmizdə quraşdıra bilsək, sahibkarlar məhsullarını dünya bazarlarına çıxarar. Elə xarici ölkələr var ki, istehsal etdiyi yarım litrlik spirtli içki 400-500, hətta 1000 dollara satılır. Ancaq bu gün daxili bazarımızda 4-5 manata araq satılır. Sahibkar öz məhsulunu təkcə daxili bazar üçün istehsal etməməlidir, çünki ölkədə içkiyə aludəçilik elə də çox deyil. Bu baxımdan onun içkiləri ixracyönümlü olmalı, rəqabətə davam gətirməli və xarici bazarlarda satılmalıdır ki, ölkəyə valyuta daxil olsun".

Dövlətin həmişə bu sahəyə dəstək verdiyini söyləyən komitə sədri qeyd edib ki, ölkədə azad biznez mühiti olduğu üçün sahibkar özü bu barədə düşünməlidir: "Müəssisələrin tikilməsi və müasir avadanlıqların gətirilməsi üçün layihələr təqdim olunmalıdır ki, hökumət də dəstək göstərsin. Hansı sahibkar bu addımları atırsa, ona subsidiya ayrılır və digər dəstək proqramları həyata keçirilir".

Deputat vurğulayıb ki, bütün sahələrdə olduğu kimi, burada da müəyyən tələblər, şərtlər qoyulur: "Ona görə ki, hər kəs bazara girməsin və ucuz, keyfiyyətsiz məhsul satılmasın. Tələblərdən biri də odur ki, sahibkar bu sahədə bir illik təcrübəyə malik olmalıdır. Bəzən tələbin nəyə görə qoyulduğunu soruşurlar. Biz də qanunda göstərilən bu qaydaları izah edirik. Bildiririk ki, iş görmək istəyən şəxs ən azından istehsal etdiyi məhsulun xammalının alınmasını, müəssisəyə gətirilməsini, istehsal prosesini, keyfiyyətlə bağlı standartları və bazarda təqdim olunma qaydalarını bilməlidir. Amma son vaxtlar evlərdə və ya digər yerlərdə kustar üsullarla araq istehsalı hallarına rast gəlinir. Hətta kəndlərdə tut və digər meyvələrdən araq çəkirlər, bazarlarda satışını təşkil edirlər. Bu da zəhərlənmələrin sayının artmasına səbəb olur. Qarşısını almaq üçün təkcə dövlət cavabdehlik daşımamalıdır. Sahibkar da bu məsələdə həm məsuliyyətli olmalı, həm də istehsala vicdani baxımdan yanaşmalıdır. Təcrübəsi və maliyyə yatırma qabiliyyəti olan şəxslərin bu sahədə fəaliyyət göstərməsi daha doğrudur".