Çoxları sənətin - fərdi şüurun formalaşmasında nə qədər böyük rol oynadığını anlamır.-  Arzu Əsəd

YAZARLAR 12:49 / 23.09.2026 Baxış sayı: 92

Çoxları sənətin - ədəbiyyatın, musiqinin cəmiyyətin inkişafında, fərdi şüurun formalaşmasında nə qədər böyük rol oynadığını anlamır. Ona görə də bəziləri sadəlövh bir tərzdə sual edirlər ki, niyə bu qədər ciddi məsələlər dura-dura iki şəxsin duet oxumasına belə aşırı reaksiya verilir.

Anlamırlar ki, bu elə ən ciddi, ən vacib məsələlərdən biridir. Başımıza gələn bir çox ciddi bəlaların kökündə təfəkkür problemi durur. İqtisadi və sosial problemlər məhz cəmiyyətin təfəkküründə olan naqisliklərə görə böhrana səbəb olur, çıxılmaz bir hal alır. Cəmiyyət artıq bunu sövq-təbii hiss edir. Ona görə də onun ağlı ilə, təfəkkürü ilə oynanılan məsələlərə belə kəskin reaksiya verir. Cəmiyyət görür ki, sosial şəbəkələr üzərindən nə qədər kəmiyyət odaqlı saxta qəhrəmanlar düzəldilib ona sırınır və bu "qəhrəmanlar" özlərinə yer etdikdən sonra aşna-aşna çıxırlar ocaq başına. Bu saxta qəhrəmanlar üçün sosial şəbəkələrdə hansısa üsullarla çoxlu səs toplanır, sonra isə onlar ictimai rəyə böyük hay-küylə qəbul etdirilib cəmiyyətin sözünün sahibi olurlar, onlar başlayırlar insanların davranışına, əxlaqına, həyat tərzinə, gələcəyinə şəkil verməyə.

Azərbaycan cəmiyyəti artıq bunu istəmir, o, kütlə şüurunun nə qədər böyük bəla olduğunu və onun gələcəyini plansız, layihəsiz, nizamsız bir qaranlığa, bilinməzliyə sürüklədiyini hiss edir. Sabahkı günün planı, təsviri, mənzərəsi həqqiqi ədəbiyyatda, sənətdə açılır. Ciddi ədəbiyyat, sənət gələcəyi layihələndirir. Bayağı ədəbiyyat və sənət isə özündə heç bir yenilik daşımadığına, düşüncənin dərin qatlarından gəlmədiyinə, ideyalar aləmi ilə maddi aləmin sintezi olan metaforikliyə malik olmadığına görə heç bir inkişaf cücərtisinə səbəb olmur, primitiv ritm və səthi söz oyunlarının təkrarları ilə qapalı çevrə yaradır, beyinləri, qəlbləri çürüdür.

Bayağı sənət narkomaniyadan da, alkoqolizmdən də təhlükəlidir. Bayağı sənət vəbadır, cüzamdır, ruhun metastaz verməyə başlayan mazoxist həzzli xərçəngidir. Haqqında danışılan duet cəmiyyətin uzun illər ərzində alt şüuruna basdırılan həqiqi sənət zövqünün müqavimətini doğurdu. Bu yalnız iki müğənniyə münasibət məsələsi deyil. Bayağılıq içində boğulan cəmiyyət həqiqi sənət meyarlarını qoruyub saxlamağa mükəlləf olan sənətkarların da artıq bu bataqlığa düşüb onu daha çox batırmaq təhlükəsini görüb ciyərləri hava alsın deyə çığırdı.

Bu, şəxsi məsələ deyil, bu kiminsə tərbiyəli, alicənab, ağıllı oğlan olması, kiminsə sənətdə hansı zirvələri qət edib, etməməsi məsələsi deyil. Bu, iki zidd qütbün, ciddi sənətlə bayağı, populyar sənətin təmsilçilərinin bir nöqtədə kəsişməsindən yaranan reaksiyanın ifadəsidir. Bu, həqiqi mahiyyətinə, əslinə, ciddiliyinə dönmək istəyən sənətin üsyanıdır!