Şakir Xanhüseyinli - CANIMA CƏFA BAĞLADIM

Ədəbiyyat 09:30 / 23.09.2026 Baxış sayı: 70

 

dörd divar xəlvətgahımdı,

Tanrı, iz qoyur kim məndə.

kiminsə ilk arzusudu:

"bir arzuma yetim mən də..."

çaylar axır gözlərimdən

seli, selintisi ilə.

oldum qırış-qırış, bəxtin

ən ağır ütüsü ilə...

canıma cəfa bağladım,

yenə açılmadı düyün.

haqqa qapısı vurulub

elə bil ki, yerin, göyün...

yağı qoruğudu hər yan;

hər yan hasardı, çəpərdi.

kimsə vay-şüvənlə gəlir,

görən, nə xeyir xəbərdi...

ay işığından bir parça

aldım,

bir gecəmə bəsdi.

nə yaxşıdı düşünməmək,

heç düşünməmək nə pisdi...

daşı başlara zərb ilə

çırpılan elə bu yerdi...

əlim oda tutulubdu;

buralar çox soyuq yerdi...

sevgim bir dibsiz quyuya,

ümidim lağıma düşüb.

bir söz eşitdirim deyə

kimin sorağına düşüm?

köhnə yurd yerləri viran

ürəyimin bir küncündə...

dəyir o dibə, bu dibə

adam yüz fikir içində...

qalasan çölün düzündə,

evin- bir ağac koğuşu;

daha dinclik məqamıdı,

sevin, a yollar yorğunu...