Xatirə Rəhimbəyli - Gözəl bir yaz gecəsi

Ədəbiyyat 11:00 / 23.09.2026 Baxış sayı: 86

 

Gözəl bir yaz gecəsi

küləklər şərqə əsir.

Sənə gəlib çatdımı

qəlbimin incik səsi?!

Xoşmu könlün havası?

 

Yağırmı yaz yağışı?

Qəmli misralarımı

oxşayırmı baxışın.

Gəzirəmmi röyanın

 

güllü yamaclarında?

Kəpənək barmaqların

uçurmu saçlarımda?

Qaçıb küskün xəyalım

 

qısıldımı yuxuna?

Ah, yoxsa duamı da

buraxmırsan yaxına?

 

Gözəl bir yaz gecəsi

küləklər şərqə əsir.

Sənə gəlib çatdımı

qəlbimin incik səsi?!