Xəyalə Sevil - Yağışın səsinə
Yağışın səsinə
Diksindi pəncərəm,
Açdı gül ağzını
Pəncərəmdəki dipçək.
Evimin rahatlığını pozdu
Canımdakı narahatlıq.
Heç bilmədim nə yaşadım,
Nə oyandım, nə yatdım.
Öz qaramca danışıram,
Mən deyinə-deyinə,
Barmaqlarımı güllə kimi
Sıxmışam ovcumun ürəyinə.
Nəsə getdi,
Nəsə qaldı...
Allah, özümdən savayı,
Hamıya, hər kəsə qaldım.
Bir öz dadıma çatmadım,
Uçub getdi həyatım,
Həyatıma çatmadım.