Ayaz Arabaçı - Bəhanə var pənco-pənco vurmağa,
Bəhanə var pənco-pənco vurmağa,
Dostlara həmdəm olmağın yeridi.
Haqqımız yox bir qıraqda durmağa,
Bir məclisdə cəm olmağın yeridi,
İçib- içib dəm olmağın yeridi..
Şərab neçə əhli halı tərpədir,
Gah həsrəti, gah vüsalı tərpədir,
İlk sevgidən qalan xalı tərpədir.
Ürəklərdə qəm olmağın yeridi.
İçib-İçib dəm olmağın yeridi.
Qara-qura fikirləri daşlayıb,
Yavaş-yavaş boğazları yaşlayıb,
Siftəsini bir az zildən başlıyıb,
Asta asta bəm olmağın yeridi..
İçib-İçib dəm olmağın yeridi.
Qoy desinlər biganələr nə deyir,
Əsas odu divanələr nə deyir,
Baxaq görək pərvanələr nə deyir,
Məqam bu an şəm olmağın yeridi,
İçib-İçib dəm olmağın yeridi.
Dədə ordan araq gətir, kabab ver,
Qoy bu gecə aşıb daşısın savab, ver,
Saqi mənim sualıma cavab ver,
Heç arağı kəm olmağın yeridi?
İçib-İçib dəm olmağın yeridi.
Süzün görək, bulaqların döşünnən,
Zəhləm gedir badələrin boşunnan,
Xatirələr qılınc çəkir, qoşunnan,
Gözümüzdə nəm olmağın yeridi..
İçib-İçib dəm olmağın yeridi