"Bütün həyatımı Şuşaya həsr etmişəm..." -  Vasif Quliyev-70

MÜSAHİBƏ 12:31 / 20.01.2024 Baxış sayı: 19674

 

VASİF QULİYEV: "İLK ARAŞDIRMALARIM YAŞLI ADAMLARLA ŞİFAHİ SÖHBƏTLƏRİM OLUB"

 

Qarabağ tarixinin görkəmli tədqiqatçısı, həyatını qələmə, araşdırmalara sərf edən Vasif Quliyevlə hər söhbət fərqli alınır. Diktofonu qoşub yenidən müsahibə almağa cəhd eləsəm, tamam başqa orijinal söhbətlər edəcək. Hər görüşdə fərqli ovqat yaratmağa qadir olan, hətta özü özünü təkrarlamayan qiymətli Vasif müəllimin 70 yaşı tamam olur. Bu münasibətlə "Şuşa" qəzetinin redaktoru Vasif Quliyevlə müsahibəmizi sizə təqdim edirik.

 

 

- Qalalı Vasif Quliyev, ya malıbəylili?..

- Mən qalalıyam, yəni yerli şuşalı... O vaxtı babam İsmayılı qaladan on iki kənddən ibarət olan Malıbəyli nahiyəsinə yüzbaşı göndəriblər. Ailəmiz Malıbəylidə məskənlaşıb, mən də həmin kənddə doğulub böyümüşəm. O vaxtı Malıbəylidəki məktəb səkkizillik idi. Ermənilər Dağlıq Qarabağdakı Azərbaycan kəndlərində onillik məktəblərin açılmasına imkan vermirdilər. Səkkizinci sinifi kənd məktəbində bitirmişəm, doqquzu, onu Xankəndidəki Nizami Gəncəvi adına 4 nömrəli məktəbdə oxumuşam.

- Vasif müəllim, universitetə çox gec qəbul olmusunuz. İmtahandan keçə bilmirdiniz, ya ali təhsil almağa gec qərar verdiniz?

- Kimi şahmat üzrə, kimi üzgüçülük üzrə, kimisi isə nə bilim, nə üzrə çempion olur. Mən isə universitetə girmək üzrə Azərbaycan çempionuyam. Düz 10 dəfə o vaxtkı Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşam. Hər dəfə də məqbul qiymət almışam, amma müsabiqədən keçməmişəm. O vaxtlar pulla, tanışlıqla qəbul olanlar saysız-hesabsız idi. Təbii ki, öz biliyinə universitetə girənlər də olurdu. Qəsdən məni konkursa salırdılar, kəsmirdilər ki, dilləri uzun olsun. Həmin vaxtlar Stepanakert Elektrotexnika zavodunda işləməyə başladım... Məni əsgər aparmırdılar. Şuşanın hərbi komissarı məndən xəbərsiz atamdan pul alıb, üç il məni saxlayıb. Ona görə də heç hərbi xidmətə də vaxtında gedə bilmədim, gəldim Bakıya. Bakı Soyuducular zavodunda işə başladım. Keçmiş prezident Ayaz Mütəllimov da mənim direktorum idi. Bir müddət sonra əsgərliyə getdim, iki il Moskvada xidmət etdim. Nəhayət, 1976-cı ildə ADU-nun jurnalistika fakültəsinin hazırlıq şöbəsinə daxil oldum, 1977-ci ilin yayında imtahan verib əyani təhsil almağa başladım. Qrupda 25 tələbə idik. Aralarında ən yaşlısı mən idim, 7-8 yaş fərqimiz var idi. Amma oturub-dururduq, onlarla söhbətim alınırdı.

- Sizi məhz jurnalistika sahəsinə yönləndirən səbəb nə oldu?

- Uşaqlıqdan teatra böyük marağım var idi, onuncu sinfi bitirəndə rejissorluğa getmək istəyirdim. Son anda Şamil Qurbanovun "Azərbaycan müəllimi" qəzetində bir yazısını oxudum. Həmin yazı mənim fikrimi tamam dəyişdi və jurnalist olmaq qərarına gəldim.

- Müəllimlərinizdən kimi xatırlayırsınız?

- Müəllimlərin çoxunu xatırlayıram, amma bəziləri heç xatırlanası deyil... Gözəl insanlar bizə dərs deyib - Mir Cəlal, Nəsir İmanquliyev, Nurəddin Babayev, Şirməmməd Hüseynov, Famil Mehdi, Cahangir Məmmədli, Yusif Yusifov... Yusif Yusifov nənəmə də, anama da, mənə də dərs deyib. O vaxtı savadartırma kursları var idi, nənəmə orda yazı-pozu öyrədib. Anama Ağdam İkillik Müəllimlər İnstitutunda dərs deyib.

- "Qeyri-kafi" qiymət aldığınız yadınıza düşürmü?

- O qədər... Əlli ildə Mir Cəlal müəllimdən "iki" alan yeganə tələbə mən olmuşam. Mir Cəlal müəllimin imtahanı idi, qapıda dayanıb onu gözləyirdik. Mən də qapının ağzında dayanıb siqaret çəkirdim. Sən demə, Azad Nəbiyev də həmin imtahanda Mir Cəlalın assistenti imiş, mənim də bundan xəbərim yox idi. O,  yanımdan keçəndə siqaret çəkdiyimi görüb mənə tərs-tərs baxdı...

Fənn asan idi və bəxtimə sadə suallar düşmüşdü. Mir Cəlal müəllimin xəbəri olmadan Azad Nəbiyev birbaşa mənə "2" yazdı. Mir Cəlal soruşdu ki, nə yazdın ona? Qayıtdı ki, Mir Cəlal müəllim, heç nə bilmədi. Halbuki hələ mən suallara cavab verməmişdim. Görünür, onu görəndə siqareti tullamamağım assistentin xoşuna gəlməyibmiş. Heç nə demədən çıxıb getdim... Dekanlıqda çalışan Akif Rüstəmov da təzə-təzə fakültədə işə başlamışdı, belə məsələlərlə o məşğul olurdu. Mənə dedi ki, sessiya bitməmiş təzədən imtahan verməkçün göndəriş al, qiymətini düzəlt, heç olmasa, təqaüd ala biləsən. Açığı, Araz aşığımdan idi, Kür topuğumdan. Bakıda şəxsi evim vardı, pul sarıdan da korluq çəkmirdim. Akif müəllimin təkidi ilə göndəriş alıb Mir Cəlal müəllimgilin kafedrasına getdim, Mir Cəlal müəllim orda yox idi. Laborant Zahirə Salmanova dedi ki, hava çox soyuq olanda Mir Cəlal müəllim işə gəlmir, nömrəsini verim, götür zəng elə, dəqiqləşdir. Heç vaxt bunu deməmişəm, Mir Cəlal müəllimin həyat yoldaşı Püstəxanım qohumum idi. Bu barədə Mir Cəlal müəllimə də bir kəlmə deməmişdim. Əlqərəz, Mir Cəlal müəllim dedi ki, bala, gəl evə. Getdim, sağ olsun, qiymətimi düzəltdi. Amma heç vaxt heç kim bilmədi ki, Püstəxanım mənim qohumumdur.

- Jurnalist kimi fəaliyyətinizlə yanaşı, daha çox tədqiqatçı kimi tanınmısınız. Bu araşdırma həvəsi sizdə hardandır?

- Birinci sinfə gedəndən qəzet-jurnal oxumuşam. Çünki anam ədəbiyyat müəllimi idi, müxtəlif qəzetlər alırdıq. Doğulduğum kənd, Şuşa qalası, ətraf ərazilər barədə məlumat toplamaq həvəsi məndə elə o vaxtdan başlayıb, uşaqlıqdan yaşlı adamlardan çox söhbətlər eşitmişdim. Yadımdadır, 1971-ci il sentyabrın 1-də Şuşada "Güllü bağ" adlı istirahət guşəsində Xan Şuşinskinin məşhur skamyasında əyləşmiş dörd nəfərin söhbətini eşitdim. Onların biri "Molla Nəsrəddin" jurnalının 1910-cu ildən bəri Qarabağ üzrə müxbiri olmuş Həsən İxfa Əlizadə idi. Bu qocaların tarixlə bağlı söhbətləri məndə Şuşanın keçmişinə həvəs oyatdı və o vaxtdan bu şəhərin tarixini araşdırmağa qərar verdim. Məsələn, Cəlil Məmmədquluzadəni görən, bəlkə, 100 nəfərlə söhbət eləmişəm, böyük dramaturqun Qarabağ həyatı ilə xeyli material toplamışam.

- İlk diqqətinizi cəlb edən söhbətlərdən hansılar yadınızdadır?

- Məktəbi təzəcə bitirmişdim, 1971-ci ilin yayı idi. Mir Möhsün Nəvvabın qız nəvəsi Simuzər xanım Ağayeva Bakıda yaşayırdı. Hər il yay aylarında Şuşaya gəlirdi. Babası haqqında çox şey bilirdi. Onun bir söhbətini eşitdim: "Lenin mənim dayıma - Mir Möhsün Nəvvabın oğluna məktub da yazmışdı". Bu söhbətin ardınca düşdüm, xeyli araşdırdım. Mir Möhsün Nəvvabın oğlu Mir İbrahim Ağamirzadə Şuşada qəzet köşkü işlədirmiş. Rusiyadan gələn inqilab ruhlu ədəbiyyatı, qəzetləri, jurnalları gizlincə satırmış. Leninə bu barədə məlumat veriblər. O da Şuşa barədə geniş məlumata malik idi. Mən Moskvada - Kremldə  Leninin iş otağında olanda gördüm ki, divarda bir xəritə var, Şuşanı qırmızı qələmlə halqaya almışdı. Çünki Şuşa Qarabağda inqilabın mərkəzi idi. Lenin həmin vaxt Mir İbrahim Ağamirzadəyə məktub yazıb... Sonralar Xankəndidə muzey yaradılarkən həmin məktubu Mir İbrahimdən alıb muzeyə veriblər. Nəvvabın nəvəsi bunu danışanda üz tutdum həmin muzeyə. Muzeydəki qeydiyyatçı qadın erməni idi. Mənim də, hardasa, 18 yaşım var idi. Məsələni o qadına danışdım. Qəsdən dedi ki, bizdə belə bir məktub yoxdur. Erməni o məktubu mənə verəndi?! O vaxtı bir Suren Karapetyan adlı bir tanış var idi. O, tez-tez "Şuşa" qəzetində çıxış edirdi, Şuşanın yetirdiyi görkəmli adamlar haqqında yazırdı, Azərbaycan SSR-in Əməkdar mədəniyyət işçisi idi. Həmin məktub barədə ona danışdım, dedi ki, mən o məktubun üzünü sənin üçün köçürərəm. Erməni arvad Suren Karapetyana da həmin sözü deyib, çünki bilib ki, o, məktubu mənim üçün xahiş eləyir. Uzun illərdən sonra Nəvvabın oğlunu tədqiq etdim və onun haqqında yazı yazdım. Arxivdə tapdım ki, o vaxt Mir İbrahimin təqaüdünü az kəsiblər. Yuxarılara müraciət edib ki, mənim xeyli əməyim olub, hətta Lenin yoldaş da mənə məktub yazıb, Xankəndi arxivində qorunur... Sonralar həmin arxiv batıb getdi, ermənilər dağıtdılar...

- Onda demək olarmı ki, bu sizin ilk araşdırmanızdır?

- İlk yox, ilklərdən biri desək, daha düzgün olar... Səttarxan hərəkatının iştirakçıları, "Difai" partiyasının bəzi üzvləri ilə görüşmüşəm, söhbət etmişəm. İlk araşdırmalarım yaşlı adamlarla şifahi söhbətlərim olub.

- Şuşanın tarixinin tədqiqi məsələsi sizi qane edirmi? Tədqiqatçılardan kimlərin adını çəkə bilərsiniz?

- Firudin Şuşinskidən başqa Şuşanı sanballı, dərin tədqiq edən görmədim. Hətta o da müəyyən qədər araşdıra bildi, tarixi şərait, ömür, vaxt imkan vermədi ki, çox dərinə getsin. Şuşadan, bəlkə, 100-dən çox elmi iş yazılıb. Tarix elmləri namizədi Yunis Hüseynov istisna olmaqla, hamı da bir-birindən köçürüb. Bu gün arxivdə oturub işləyən adama rast gəlməmişəm. Xarici ölkələrdə elektron şəkildə arxivdə işləyənlərin siyahısı göstərilir, təəssüf ki, bizdə hələ o sistem yoxdur. Düz 53 ildir arxivdə işləyirəm, araşdırıram, günümün bir hissəsi orda keçir. Bütün həyatımı Şuşaya həsr etmişəm və Şuşaya aid başdan-ayağa nə məlumat varsa, hamısını toplamışam, yavaş-yavaş yazıram. Arxiv işi çox çətindir, böyük xərc tələb edən sahədir.

- Deyirlər, əvvəllər ermənilərlə münasibətlər yaxşı olub, sonra hər şey birdən-birə oldu...

- Yalan söhbətdir, ermənilərin xisləti əvvəldən pis olub. Məcbur qalıb birgə oxuyurduq, işləyirdik. Biz heç vaxt onlarla yaxın dost olmamışıq. İlanın ağına da lənət, qarasına da... Erməninin kasıbı səninlə dostluq edər, amma bir də görərsən ki, başını daldan kəsib. 80-ci illərdə, hadisələr başlayanda məndən soruşdular ki, bu söhbətlərin axırı necə olacaq? Çoxları Allah şahididir. 1988-ci ildə Şuşada bağda oturmuşduq. Dedim ki, müharibə olacaq, nəinki Qarabağda, heç Azərbaycanda da bir erməni qalmayacaq. Çünki ermənilərlə birgə yaşamışdıq. Onların xislətinə dərindən bələd idim. Özləri kimi qorxaq millət yoxdur... Bu gün həmin dediyim öz təsdiqini tapdı. Hamı kimi ermənisiz Azərbaycanın adına sevinirəm.

- Vasif müəllim, şkafın üstündəki tar sizindir?

- Bəli.

- Tar çalmağı kimdən öyrənmisiniz?

- Bu, bir az uzun söhbətdir... Bütün şuşalılar kimi mənim də qanımda musiqi var. Erməni kəndlərindən fərqli olaraq, Azərbaycan kəndlərində musiqi məktəbi yox idi. Atamın-anamın baş-beynini apardım ki, gedin, mənə tar alıb gətirin. Ağdamdan yaxşı bir "uçevnik" tarı aldılar. Malıbəylidə musiqi məktəbi olmadığından qapı-qapı düşüb tar öyrənmək üçün 10 nəfər uşaq yığdım. Xankəndidə yaşayan Karlen adlı bir erməni tar müəllimi var idi... Onu çağırdılar ki, bizə tar çalmağı öyrətsin. Bu 10 nəfərin biri bir ay gəldi, biri iki ay gəldi, axırı gördüm ki, tək qalmışam. Karlen müəllim dedi ki, daha o boyda yolu nəyə gəlirəm?!

Xankəndiyə onillik məktəbə gedəndə istədim ki, musiqi məktəbinə də qəbul olum, gördüm dərslərlə üst-üstə düşür. Onda da alınmadı... Əsgərlikdən qabaq Bakıda zavodda işləyəndə Əhsən Dadaşovun ansamblının məşqlərinə gedirdim, diqqətlə izləyirdim. Bir müddət sonra əsgər getdim, o da yarımçıq qaldı.

Əsgərlikdən qayıdandan sonra Bakıdakı 16 nömrəli musiqi məktəbinin direktoru pianoçu Çingiz Sadıqovun yanına getdim. Yaşım çox olsa da, həmin məktəbdə oxumağa başladım. Əhsən Dadaşovun bir tələbəsi var idi - Mustafa müəllim, sonralar Niderlanda köçdü. Günün birində dedim ki, Mustafa müəllim, mənim musiqi müəllimi olmaq arzum yoxdur, ancaq başdan-ayağa muğamları öyrənmək istəyirəm. Çingiz müəllimlə də məsləhətləşib razılaşdıq. Əvvəl ayda məktəbə 5 manat köçürürdüm. Mustafa müəllim dedi ki, ayda 50 manat ver, mən sənə Asəf Zeynallı texnikumunun proqramı ilə muğamları öyrədim. Düz altı il muğamın sirlərini, tarixini, nəzəriyyəsini, guşələri, şöbələri, rəngləri Mustafa müəllimdən öyrəndim. Hardasa, 70-ci illərin sonlarında bir neçə ansamblda tar çaldım. İl keçdikcə vaxt olmadı, iş çoxaldı, universiteti bitirindən sonra ansambla getmədim. İndi gördüyün tarı 300 manata almışam.

Söhbətin bu yerində tara tərəf getdim. İstəyirdim, qabından çıxarıb Vasif müəllimə verəm, tar çalmağına qulaq asam. Amiranə səslə dedi: "Dayan! Əl vurma..." Səbəbini soruşdum...

- Gülağa Zeynalov adlı uşaqlıq dostum var idi. Virtouz tarzən idi. İncəsənət Universitetində kafedra müdiri olanda da, ondan əvvəl də hər gün nəşriyyata - mənim yanıma gəlirdi. Mən də tar çalmağı xeyli yadırğamışdım. O təzədən bəzi şeyləri yadıma salırdı, məşq edirdik. Hardasa, 10 il qabaq Gülağa Zeynalov qəfil rəhmətə getdi. Həmin gündən nəinki tar çalıram, heç onun futlyarını açmıram...

Nadir YALÇIN

525-ci qəzet