Azərbaycanda koronavirusun "Eris" variantı yayılıb? - RƏSMİ AÇIQLAMA

Sağlamlıq 16:33 / 18.09.2023 Baxış sayı: 2596

Dünyada COVİD yeni ştammlarının sürətlə yayılması narahatlıq doğurur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə son 1 ayda dünya üzrə yoluxanların sayı 38% artıb. Avropada yoluxmasa artım 39%, Sakit okeanın qərbində 52%, Aralıq dənizinin şərqində isə 113% təşkil edir. Yoluxmaların artmasına koronavirusun sonradan ortaya çıxan yeni variantlarının, xüsusən də Eris olaraq bilinən Eg.5 və Pirola adlandırılan BA.2.86-nın səbəb olduğu qeyd edilir.

Ümumdünya Səhiyyə Təşkilatı mayın 18-də vaksinlərin dominant XBB.1 ştammlarına uyğunlaşdırılmasını tövsiyə edib. Avropa bazarlarında XBB.1.5-i hədəf alan üç yeni vaksin hazırlanıb. Avropa Səhiyyə Agentliyi sentyabrın 1-də BioNTech-Pfizer-in RNT peyvəndinin Avropada marketinq icazəsini təsdiqləyib. Modernanın oxşar peyvəndi də sentyabrın 15-də təsdiqini alıb. Novavax-dan zülal əsaslı peyvənd isə hələ qiymətləndirilmə mərhələsindədir. Avropa Səhiyyə Agentliyi qeyd edir ki, hər üç peyvənd ümidverici effektivlik əlamətləri göstərir.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperi, infeksionist Vasif Əliyev APA-ya açıqlamasında bildirib ki, hazırda qonşu ölkələrdə COVID-19-un yeni variantı aşkarlanıb:

"COVID-19-un yeni ştammı, həmçinin qrip, digər respirator infeksiyalar nisbətən yüngül formada keçdiyindən xəstələr əksər hallarda test vermək üçün xəstəxanaya və poliklinikalara müraciət etmirlər, ev şəraitində simptomatik müalicə alırlar. Bu isə öz növbəsində belə infeksiyalara yoluxmuş insanların rəsmi qeydiyyata alınmasını çətinləşdirir. Hazırda Azərbaycanda koronavirusun "Eris" variantının yayılması barədə rəsmi məlumat yoxdur. Vətəndaşlarımıza bildirmək istərdim ki, bütün respirator infeksiyalardan qorunma tədbirləri eynidir. Sanitar və gigiyenik qaydalara riayət edilməsi vacibdir. Bura sosial məsafənin gözlənilməsi, xəstə insanın ev şəraitində izlənilməsi, əl təmizliyi kimi qaydalar və.s. aiddir".